“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Vətən qəhrəmanı” adlı mahnı və klipin təqdimatı keçirildi.

Tədbirdə millət vəkilləri, Kəlbəcər və Xocavəndin icra başçıları, şəhid ailələrinin üzvləri və qazilər, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları iştirak edirdilər.

Çıxış edənlər Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizin həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirdilər.

Qəhrəmanın həyat yoldaşı Vüsalə Əliyeva qeyd etdi ki, Anar Əliyevin şəhadətindən sonra bütün arzuları onun adının yaşadılması ilə bağlıdır: “Bu cür layihələrin hazırlanması qəhrəmanlarımızı gənc nəslə tanıtmağa xidmət edir. Əminəm ki, Anar Əliyev qəhrəmanlığı ilə obraz olaraq hər kəsin qəlbində yaşayacaq”.

Çıxışlardan sonra şəhidin əziz xatirəsinə ithaf olunan mahnıya çəkilmiş klip təqdim olundu.

Mahnının musiqisi pianoçu, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya, sözləri Xalq şairi Vahid Əzizə məxsusdur.

K.Hüseynova layihə üzərində iki ay çalışdıqlarını dedi. O, əsərin gənclərin yaddaşında iz qoyacağından əminliyini bildirdi.

Qeyd edək ki, Xalq artisti, opera müğənnisi Samir Cəfərovun ifa etdiyi klipdə Azərbaycanın qəhrəman oğullarının ümumiləşdirilmiş obrazı canlandırılıb.

Şəhid polkovnik-leytenant Anar Vaqif oğlu Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcərin Boyaqlı kəndində anadan olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kim 23 il Vətənə xidmət edib. Vətən müharibəsi zamanı oktyabrın 21-də Xocavəndin Tuğ kəndi uğrunda döyüşdə şəhid olub.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, Şuşa, Füzuli və Xocavəndin azad olunmasına görə medallarına layiq görülüb.

Lalə Azəri