Nasir, publisist, tərcüməçi, Əməkdar jurnalist Rafiq Savalan oktyabrın 29-da, ömrünün 82-ci ilində vəfat edib.

Rafiq İmanqulu oğlu Ağayev (Rafiq Savalan) 1940-cı il dekabrın 1-də Bakı şəhərində anadan olub. Orta təhsilini Neftçala rayonunda başa vurub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb.

1966-cı ildən taleyini Azərbaycan Televiziya və Radiosuna bağlayıb. Radionun təbliğat və xəbərlər baş redaksiyasında müxbir, kiçik redaktor, böyük redaktor, siyasi icmalçı, radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. O, hər bazar günü uşaqların maraqla dinlədikləri “Biləyən” radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru olub. 

1960-cı ildən ədəbi fəaliyyətlə də məşğul olub. Hekayə, felyeton, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.

R.Savalan 1976-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.