AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Qəbələ arxeoloji ekspedisiyasının tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Qala ərazisində apardığı arxeoloji qazıntı işləri başa çatıb. Bir ay davam edən tədqiqatların məqsədi əvvəlki illərdə tədqiqinə başlanılmış IX qazıntı sahəsində şəhərin daha erkən dövrlərə aid alt yaşayış qatlarını öyrənmək olub.

Tədqiqatların yekunu olaraq Qəbələ Arxeoloji Mərkəzin sərgi salonunda Qəbələ (Qala dəstəsi) arxeoloji ekspedisiyasının üzvləri və Qəbələ qoruğu əməkdaşlarının iştirakı ilə toplantı keçirilib.

Q.Cəbiyev bildirib ki, tədqiqatların gedişində Orta əsr şəhər infrastrukturu üçün səciyyəvi olan çoxsaylı tikinti və memarlıq elementləri, yaşayış binaları, küçə və meydanların qalıqları aşkarlanaraq öyrənilib. Axtarışlar nəticəsində şəhərin təsərrüfat həyatı və əhalinin məişətindən xəbər verən çoxsaylı artefaktlar üzə çıxıb. Onların böyük əksəriyyəti Qəbələ sənətkarlarının dəmir, şüşə və keramikadan istehsal etdiyi nümunələrdir. Bu tapıntılar həm də Qəbələ ustalarının sənətkarlıq səviyyəsindən xəbər verir.

Yeni əldə olunan maddi-mədəniyyət nümunələri Qəbələ qoruğuna təhvil verilib.