TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilir

 

Bir qədər əvvəl Türk dünyasının kino xadimlərini 3-cü “Qorqud Ata” festivalı çərçivəsində bir arada toplayan Azərbaycan bu dəfə qardaş ölkələrin teatrlarının sənət bayramına ev sahibliyi edir. 31 oktyabr – 4 noyabr tarixlərində ölkəmizdə I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.

Festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə təşkil edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə səyi ilə gerçəkləşən festivala Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı, eləcə də Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrı qatıılıb.

Ölkəmiz festivalda Azərbaycan Dövlət Akademik Milli Dram, Dövlət Akademik Musiqili, Dövlət Pantomima və Naxçıvan Dövlət Milli Dram teatrları ilə təmsil olunur.

Festivalda həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri iştirak edirlər.

Oktyabrın 31-də Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısı keçirilib.

Qonaqlar Şuşa şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar.

Toplantıda TÜRKSOY-a üzv ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də müşahidəçi üzv olan Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yeri (Moldova) muxtar bölgəsinin dövlət teatr rəhbərləri iştirak ediblər.

TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri və mütəxəssislərinin qatıldığı toplantıda qardaş ölkələrdə teatr sahəsinin inkişaf məsələləri ətraflı müzakirə olunub. Toplantıda mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı da iştirak edib.

***

Festival tamaşaları isə Bakının bir sıra teatrlarının səhnəsində nümayiş etdirilir.

Oktyabrın 31-də festivalın müsabiqədənkənar iki tamaşası göstərilib.

Azərbaycan Dövlət Pantomima Teatrı “Manqurt” tamaşasını (Ç.Aytmatov) Akademik Rus Dram Teatrının səhnəsində təqdim edib. Naxçıvan Dövlət Milli Dram Teatrının “Edama məhkumun son günü” tamaşası (V.Hüqo) isə Akademik Musiqili Teatrda nümayiş olunub.

I Beynəlxalq TÜRKSOY Teatr Festivalının rəsmi açılışı noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.

Açılış mərasimindən sonra Milli Dram Teatrı repertuarındakı ən uzunömürlü əsəri – “Qarabağnamə” tamaşasını (İ.Əfəndiyev) festival çərçivəsində təqdim edəcək.

Noyabrın 2-də festival proqramında daha üç tamaşa var. İstanbul Dövlət Teatrı (Türkiyə) “Bir nəfəs Dədə Qorqud” tamaşasını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində (saat 15:00), Milli Dram Teatrı “Manqurt” tamaşasını (Ç.Aytmatov) özünün kiçik səhnəsində (müsabiqədənkənar; saat 16:00), Səmərqənd Musiqili Dram Teatrı isə Əlişir Nəvainin eyniadlı poeması əsasında hazırladığı “Leyli və Məcnun” tamaşasını Akademik Musiqili Teatrın səhnəsində göstərəcək.

3-4 noyabr tarixlərində festival çərçivəsində daha dörd tamaşa nümayiş olunacaq.

Festivalın bağlanışı və mükafatlandırma mərasimi noyabrın 4-də axşam Akademik Musiqili Teatrda keçiriləcək.