Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının X Zirvə toplantısı keçiriləcək. Bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

“Türk Dövrü!” şüarı altında keçirilən sammitdə təşkilatın geniş gündəliyinə dair məsələlər nəzərdən keçiriləcək, müvafiq qərarlar qəbul edəcək, iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə TDT layihələri ilə bağlı sənədlər təsdiqlənəcək. Liderlər həmçinin çoxtərəfli əməkdaşlıq, regionda və ondan kənarda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

Sammitin yekunlarına əsasən, fəaliyyətdə olan sədrlik Özbəkistandan Qazaxıstana keçəcək. Dövlət başçıları bir sıra qətnamələrlə yanaşı, Astana Bəyannaməsini də imzalayacaqlar.

Qeyd edək ki, sammitdən əvvəl Astanada TDT Xarici İşlər Nazirləri Şurası toplanacaq. Nazirlər zirvə toplantısının gündəliyinə daxil olan məsələləri və dövlət başçıları tərəfindən imzalanacaq sənədləri müzakirə edəcəklər.

Xatırladaq ki, türkdilli ölkələrin əməkdaşlıq platformasının əsası 1992-ci ilin 29-31 oktyabrında Ankarada keçirilən ilk zirvə toplantısında qoyulub. 2010-cu ildə bu platforma Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına çevrilib. 2021-ci ildə isə Türk Dövlətləri Təşkilatı adlandırılıb. TDT-nin bundan öncəki zirvə toplantısı 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilib.