Noyabrın 1-i Azərbaycan milli musiqisinin və muğam sənətinin bənzərsiz səslərindən biri, ustad xanəndə, Xalq artisti Seyid Şuşinskinin (1889 – 1965) xatirə günüdür. Unudulmaz sənətkarın vəfatından 58 il ötür.

Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu) 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində dünyaya göz açıb. Peşəkar xanəndə kimi isə milli musiqimizin beşiyi olan Şuşada formalaşıb. İki il Şuşada Mir Möhsün Nəvvabın məktəbində oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub.

Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Genişdiapazonlu nadir, ecazkar səsə malik muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib.

1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Seyid Şuşinski müəllim kimi də uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində təqdirəlayiq fəaliyyət göstərib.