Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Qonaq teatrlar” layihəsinin növbəti iştirakçısı İrəvan Dövlət Azərbaycan Dram Teatrı olub. Teatrın kollektivi oktyabrın 30-da ATXİ-nin səhnəsində “Nurlu ömrün anları” tamaşasını (müəllif İftixar) nümayiş etdirib.

Bu, eyni zamanda İrəvan teatrı üçün yeni mövsümün açılışı olub. 2013-cü ildən teatrın repertuarında olan səhnə əsəri Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik irsindən bəhs edir. 2020-ci ilin Vətən müharibəsindən sonra tamaşanın sonluğuna Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı Zəfərin rəmzi ifadəsi – Azərbaycanın qalibiyyət təntənəsi əlavə edilib.

ATXİ-nin səhnəsində yeni mövsümün açılış mərasimində həmçinin “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” kitabının təqdimatı keçirilib. Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu kitab QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycanın mədəni irsi” layihəsi əsasında çap edilib.

Kitabda Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixi, təşəkkül və inkişaf mərhələləri əksini tapıb.