150 yaşlı Azərbaycan peşəkar teatrı zəngin tarixə və ənənələrə malikdir. Milli səhnə sənətimizin mühüm bir qolu da XIX əsrin sonlarında Tiflis şəhərində təşəkkül tapıb və böyük inkişaf yolu keçib. Bu sənət tarixini Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı davam etdirir. Yeri gəlmişkən, bu günlərdə Azərbaycanın və Gürcüstanın baş nazirlərinin iştirakı ilə teatrın yeni binasının təməli qoyulub,

Bu yazıda Tiflis Azərbaycan teatrının görkəmli simalarından biri – aktyor, rejissor və dramaturq Mirzəli Abbasovu yada salacağıq.

Mirzəli Hacabbas oğlu Abbasov 1874-cü ildə Tiflisdə dünyaya göz açıb. Erkən çağlardan teatra maraq göstərir. Bu maraq onu şəhərdəki Müsəlman Teatr Cəmiyyətinə gətirir. Görkəmli azərbaycanlı aktyor, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı xatirələrində yazır ki, cəmiyyətin hazırladığı tamaşalar ilk vaxtlarda məktəb binasında və kiçik klublarda göstərilirdi. Mirzəli Abbasov isə bu cəmiyyətə bir qədər sonra – 1898-ci ildə gəlir. Qısa vaxt ərzində istedadlı bir gənc kimi kollektivin sevimlisinə çevrilir. Cəmiyyətin rəhbərlərindən biri olan M.Abbasov daha sonra bacarıqlı aktyor və rejissor kimi tanınıb.

Professor Abbas Hacıyev “Tiflis Azərbaycan teatrı” adlı araşdırmasında M.Abbasovun aktyor və rejissorluq fəaliyyəti ilə bağlı yazır: “O, teatrda “Otello”, “Nadir şah”, “Ölülər”, “Qaçaqlar”, “Şeyx Sənan”, “Dağılan tifaq”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Hacı Qara”, “Müfəttiş” və s. səhnə əsərlərinə quruluş verib. Eyni zamanda bu tamaşalarda aktyor kimi də rol alıb, özünəməxsus ifası ilə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Filologiya elmləri doktoru mərhum Adilxan Bayramov da Tiflis Azərbaycan teatrı ilə bağlı yazılarında M.Abbasovun həyat və yaradıcılığına yer verib. Alim diqqətə çatdırır ki, M.Abbasov Tiflis Azərbaycan teatrında yeni aktyor nəslinin yetişməsi üçün çox səy göstərir, istedadlı gəncləri teatra cəlb etmək üçün onlarla mütəmadi görüşlər keçirir. Sonrakı illərdə M.Abbasovun aktyorluq sənətindən bəhrələnən bir çox gənc müxtəlif teatrların aparıcı aktyorları olur. İbrahim İsfahanlı, Mirseyfəddin Kirmanşahlı, Əli Qurbanov, Möhsün Sənani, Əhməd Salahlı, Ələkbər Seyfi və bir çox başqaları onun sənətindən bəhrələniblər.

Araşdırmalarda o da qeyd edilir ki, Nəriman Nərimanov Tiflisdə olarkən müəllifi olduğu “Nadir şah” pyesinin tamaşasına dəfələrlə baxıb. Hər dəfə Nadir şah rolunun mahir ifaçısı M.Abbasova öz minnətdarlığını bildirib.

M.Abbasov 1914-cü ildə türk dramaturqu Əli Heydər Əmirin “Səd ibn Vəqqas” əsərini tamaşaya qoyur. Tamaşada görkəmli aktyor Hüseyn Ərəblinski də rol alır. Tiflisdə yaşayan tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif tamaşa haqqında yazıb: “İran şahının rolunu böyük istedad sahibi olan Mirzəli Abbasov oynayırdı. Oynadığı rol onun xasiyyətinə tam uyğun idi və başqa bir artistin bu mürəkkəb rolu daha yaxşı oynaya biləcəyini təsəvvürə gətirmək çox çətindir”.

M.Abbasov istedadlı aktyor olaraq Hüseyn Ərəblinski, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi sənət xadimləri ilə eyni tamaşalarda rol alıb. Tiflis teatr truppasının tərkibində dəfələrlə Türkiyə, İran, Özbəkistan və Türkmənistanda qastrol səfərlərində olub.

M.Abbasov qızı Diləfruzu da aktrisa kimi görmək istəyir. O, ilk dəfə Tiflis Azərbaycan teatrında səhnəyə çıxır və qısa vaxt ərzində istedadlı aktrisa kimi tanınır. 1923-1924-cü illərdə Tiflis Azərbaycan teatrının bədii rəhbəri olmuş görkəmli rejissor Aleksandr Tuqanov xatirələrində yazır: “İndiki kimi yadımdadır, “Oqtay Eloğlu”nun qoyuluşu yeni türk aktrisasının meydana gəlməsi ilə eyni vaxta düşürdü: artist Mirzəli Abbasov doğma qızı Diləfruzun taleyini səhnə ilə bağlamaq istəyirdi. Diləfruz Oqtayın bacısı rolunu oynayırdı və Oqtayın onu səhnəyə gətirmək istəməsi həyəcanla, gurultulu alqışlarla qarşılandı”.

Tamaşa ilk dəfə Rustaveli teatrında göstərilir. Sevər rolunda səhnəyə çıxan Diləfruz Abbasovanın çıxışı alqışlarla qarşılanır. Ona gül-çiçək dəstələri təqdim olunur. Maraqlıdır ki, Diləfruzun bu uğurlu çıxışından sonra Tiflis Azərbaycan teatrına azərbaycanlı qızların yolu açılır. Onlardan taleyini birdəfəlik teatra bağlayanlar da olur.

1921-ci il Tiflis Azərbaycan teatrı üçün uğurlu olur. Teatr “dövlət” statusu alır. Bu işdə Mirzəxan Quliyev, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı ilə yanaşı, M.Abbasovun da xidmətləri vardı.

1924-cü ildə tanınmış sənətkarın Rustaveli teatrında səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilir. Gecədə təbriklərdən sonra Hüseyn Cavidin “İblis” tamaşası göstərilir. Aktyor tamaşada İxtiyar rolunda səhnəyə çıxır. Elə həmin il onun səmərəli səhnə fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilir, “Gürcüstanın Əməkdar artisti” fəxri adına layiq görülür.

Görkəmli rejissor, aktyor, teatr təşkilatçısı və dramaturq Mirzəli Abbasov 3 noyabr 1943-cü ildə, 69 yaşında Tiflisdə vəfat edib, şəhərin müsəlman qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov