Noyabrın 1-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının qərargahında “Qarabağın Çörək muzeyi” filminin təqdimatı olub.

Ağdamdakı Çörək muzeyinin tarixindən bəhs edən film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi layihə əsasında hazırlanıb.

Filmin ssenari müəllifi Firuzə Nadir bildirib ki, 3 minə yaxın nadir eksponatın toplandığı Ağdam Çörək Muzeyi dövlət tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunub: “Çörək muzeyi ağdamlılar üçün quruca daş-divar deyildi, unikal mədəniyyət abidəsi idi. Çörəyin yaranması, bişirilməsi, ərsəyə gətirilməsi tarixini öyrənən dəyərli bir mərkəz idi. Ağdamlılar bu muzeyi elə xəmir kimi yoğurub yapmış, düz-çörəyə abidə qoymuşdular. Çörəyi dizinin üstündə olan ermənilər isə bu müqəddəsliyə də əl uzadıblar. Artıq doğma torpaqlarımız, mədəniyyətimiz əsarətdən qurtarılıb. Düşünürəm ki, bu film muzeyin bərpasında da müəyyən rol oynayacaq”.

Sonra film nümayiş etdirilib.

Filmdə muzeyin yaradılması və fəaliyyətində xidməti olanlar iştirak ediblər. Onlar muzeyin tarixi ilə bağlı məlumatları bölüşüblər.

Təqdimat mərasimində Ağdam Rayon Mədəniyyət Şöbəsinin keçmiş müdiri Çimnaz Əliyeva, sonuncu direktoru Hafiz Əliyev və digər çıxış edənlər filmin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.