Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1997-ci il 7 noyabr

 

Prezident Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Xalq artisti Tofıq Quliyevə 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

***

Azərbaycan Dövlət Milli Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya?!” pyesinin tamaşasına (rejissor Bəhram Osmanov) baxandan sonra yaradıcı kollektivin üzvləri ilə görüşüb.

“...Bəxtiyar Vahabzadənin hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı inkişaf etdirir. Bəxtiyar Vahabzadə adətən şeirlər, poemalar yazır, ancaq bir neçə səhnə əsəri də yaradıbdır. Mən bu tamaşanı çox böyük maraqla, həvəslə izlədim.

Bilirsiniz, adətən tamaşaya gəlirlər ki, əsərdə bir münaqişə olsun, yaxud da oynamaq, çalmaq – şənlik olsun. Bəlkə də belə bir əsər hər bir tamaşaçının diqqətini cəlb edə bilməz. Belə bir əsərin öz tamaşaçısı lazımdır. Ancaq eyni zamanda, hesab edirəm ki, hər bir insan bu tamaşaya diqqətlə baxdıqca onların hamısında böyük maraq oyanacaq. Çünki bu tamaşa həyatı əks etdirir. Bəxtiyar müəllim belə bir əsər yazmaqla insan yaranandan indiyədək adamların arasında, onların həyatında gedən psixoloji prosesi əks etdirmək istəyib. Hesab edirəm ki, o, buna nail olubdur.

...Əsərdə bəzən bir az ümidsizlik hiss olunur. Ümidsizlik olmamalıdır. Cəmiyyət, insan ümidlə yaşamalıdır. İnsan ümidlə yaşamalıdır ki, cəmiyyət mənfi hallardan xilas olsun. Biz bəlkə də buna nail ola bilməyəcəyik. Amma gələcək nəsillər buna mütləq nail olacaqlar...

Yenə də deyirəm, bu əsər adi tamaşaçı üçün çox çətin qavranılan bir əsərdir. Amma həm rejissorun, həm sizin hamınızın birlikdə ifaçılıq sənətiniz insanı doğrudan da gərginlikdə saxlayır... Hamınızı təbrik edirəm və təşəkkür edirəm ki, bizə bu gün yeni bir tamaşa təqdim etdiniz...”.

 

1997-ci il 10 noyabr

 

Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən, qocaman ədəbiyyat və incəsənət xadimləri üçün ömürlük verilməklə 30 fərdi təqaüd təyin olunub.

 

1997-ci il 17 noyabr

 

Bakıda işə başlayan Vokalçıların Bülbül adına 1-ci Beynəlxalq Müsabiqəsinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 

1997-ci il 19 noyabr

 

Respublika Sarayında bəstəkar Tofiq Quliyevin 80 illik yubiley gecəsində çıxış edib.

“...Azərbaycan xalqı bəşəriyyətə çox görkəmli insanlar bəxş etmişdir. Əziz Tofiq, onların sırasında sənin xüsusi layiqli yerin var. Əziz qardaşım, 80 yaşın tamam olarkən fəxr edə bilərsən ki, sən şərəfli  bir ömür yaşamısan... Sənin yaratdığın əsərlərə, xalqımıza bəxş etdiyin gözəl mahnılara, musiqinə, Azərbaycanın ictimai həyatında daim fəal iştirak etdiyinə görə sənə təşəkkür edirik. Bu mərasim sənin üçün bəlkə də azdır. Sən bundan da böyük şöhrətə və hörmətə layiqsən.

Azərbaycan xalqı 60 ildir ki, sənin mahnılarının təsiri altında yaşayır... Musiqinin hər bir sahəsi həmişə insanlar tərəfindən sevilibdir. Ancaq mahnı, şərqi insanlara daha yaxın olub. Yəni əgər opera musiqisini, simfonik musiqini bir çox adamlar qəbul edir, ancaq o hamıya çatmırsa, amma mahnı və xüsusən sənin kimi bəstəkarın mahnıları hamıya təsir edir. Ona görə də mahnı daim yaşayır... Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır...”.

 

1997-ci il 20 noyabr

 

Amerikada nəşr edilən “Azerbaijan İnternational” jurnalının beşilliyi münasibətilə M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında keçirilən mərasimdə nitq söyləyib.

“...Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bizim çoxlarımızın həyatımızda olan, bəzən görmədiyimiz gözəl hadisələri gedir, tapır, çıxarır, öz səhifələrində göstərir. Bu da çox maraqlıdır... Bu jurnal həm Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Niyazini, həm bizim böyük şairlərimizi, rəssamlarımızı təbliğ edir, həm də bu gün meydana gələn gənc istedadlarımızı təbliğ edir...

Jurnalın gördüyü gözəl işlərdən biri də Azərbaycan musiqisinin kompakt disklərə yazılması və dünyaya yayılmasıdır. Xanım Betti Bleyer bu barədə geniş məlumat verdi. Bu bizim üçün çox faydalı bir işdir, şəxsən mənə də kömək ediblər. Məni ziyarət edən qonaqlara “Azərbaycan internəşnl” jurnalını və Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət kompakt diskləri hədiyyə verirəm...”.

 

1997-ci il 22 noyabr

 

Azərbaycan ədəbiyyatının inkişafindakı xidmətlərinə görə Xalq yazıçısı Hüseyn Abbaszadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. 75 illik yubileyi münasibətilə yazıçı Hüseyn Abbaszadəyə təbrik məktubu göndərib.

 

1997-ci il 24 noyabr

 

Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında fərman imzalayıb. Fərmanla Yazıçılar Birliyinin “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azərbaycan” jurnalları və “Ədəbiyyat” qəzetinin nəşri dövlət büdcəsinə salınıb. Həmçinin istedadlı gənc yazıçılar üçün aylıq 10 fərdi təqaüd təyin olunub.

Azərbaycan aşıq sənətinin böyük ustadı Aşıq Ələsgərin 175 illik yubileyi haqqında sərəncam imzalayıb.

***

Opera və Balet Teatrında Xalq artisti, görkəmli vokalçı Şövkət Məmmədovanın 100 illiyinə həsr olunmuş mərasimdən sonra səhnə arxasında incəsənət ustaları ilə söhbət edib.

Hazırladı: V.Orxan

(davamı var)