Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər” musiqi və teatr festivalı davam edir. 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan festivalın tədbirləri paytaxt Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının mədəniyyət ocaqlarında keçirilir.

Festival çərçivəsində oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor Xalq artisti Gülbacı İmanova) konserti olub.

Konsertdə Nərmin Rzayeva və Elxan Niftiyevin fortepianoda müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər – Əməkdar artistləri Tural Ağasıyev, Anton Ferştandt, beynəlxalq müsabiqələr laureatları Nigar İsmayılova, Nəsibə Bədəlbəyli, Adil Baxışlı, Safura Aslanova və İntiqam Allahverdiyev öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəylinin “Ey Vətən”, “Milli marş”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Qara Qarayevin “Bayrağımızdır”, Tofiq Quliyevin “Azərbaycan”, Aqşin Əlizadənin “Ana torpaq”, Elza İbrahimovanın “Ey Vətən”, Vasif Adıgözəlovun “Bakı”, Müslüm Maqomayevin “Azərbaycan”, Cavanşir Quliyevin “Zirvə”, Elnarə Dadaşovanın “Alqış qeyrətinə” və digər əsərlər səsləndirilib.

Qeyd edək ki, 22 oktyabrda başlanan festival noyabrın 8-də yekunlaşacaq.