Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki Zəngilan rayon Mədəniyyət evi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar Lider” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəngilan rayon 33 saylı tam orta məktəbin şagirdləri tərəfindən kompozisiya təqdim edilib. Sonda Ulu öndərə həsr edilmiş “Əbədiyyət” filmi nümayiş olunub.

***

Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Sən, həmişə qəlbimizdəsən!” adlı sərgi keçirilib. Sərgidə Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrləri özündə əks etdirən 50-dən çox foto nümayiş olunub.

***

Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayon üzrə gənclər və idman, təhsil qurumlarının dəstəyi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışması keçirilib. Yarışda 13 məktəb iştirak edib. Poylu kənd tam orta məktəbin “Xarıbülbül” komandası I, 2 nömrəli tam orta məktəbin “Zirvə” komandası II, Dağ Kəsəmən kənd tam orta məktəbinin “Xəmsə” komandası isə III yerə layiq görülüb. Qalib komandalara diplomlar təqdim olunub.

Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz Peşə liseyində təhsil alan şagirdlər arasında Ulu öndərin 100 illiyi ilə əlaqədar intellektual yarış təşkil edilib. “Qələbə” komandası I, “Qarabağ” komandası II, “Şuşa fatehi” komandası isə III yeri qazanıb. Qalib komandalar diplomlarla mükafatlandırılıb.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mərkəzi Kitabxanası və Lənkəran-Astara RTİ-nin rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Boradigah qəsəbə 2 saylı tam orta məktəbində bilik yarışı keçirilib. 12 komandanın iştirak etdiyi yarışda qaliblər fəxri fərmanla mükafatlandırılıb.

Masallı rayon Heydər Əliyev Mərkəzində Sığıncaq kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda tarix dərsi keçirilib. Dahi siyasətçinin ömür yolu və dövlətçilik fəaliyyəti ilə yanaşı, Azərbaycanın mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə də məlumat verilib. Şagirdlər “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” başlıqlı sərgi ilə tanış olublar.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı şeir qiraəti müsabiqəsi keçirilib. Cəlilabad rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin qatıldığı müsabiqədə qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin İqriq kənd kitabxanası tərəfindən Ümummilli liderin 100 illiyi ilə əlaqədar kitab sərgisi təşkil edilib.

Nurəddin Məmmədli