Qubada elmi-praktik konfrans keçirilib

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Quba Rayon İcra Hakimiyyəti və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə noyabrın 1-də Qubada “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans “Heydər Əliyev İli” və Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasının 10 illiyinə həsr olunub.

Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, kompleksin ərazisində 100-dək ağac əkiblər.

Sonra Ulu öndər Heydər Əliyevin şəhərdəki abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Konfransda Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Səbuhi Bəşirov, Milli Məclisin deputatları Vahid Əhmədov, Anatoli Rafailov, Anar İsgəndərov, akademik Yaqub Mahmudov, tarix elmləri doktorları Solmaz Tohidi, Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev məruzələrlə çıxış ediblər.

Məruzələrdə ermənilər tərəfindən yüz illər boyu Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışılıb. Bildirilib ki, 1918-ci ilin mart-aprelində Bakıda törədilən qırğınlarda 20 minə yaxın günahsız insan, o cümlədən qocalar, uşaqlar və qadınlar qətlə yetirilib. Kütləvi qətlləri Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri həyata keçirib. Şamaxı qəzasının  kəndlərində 8 mindən çox azərbaycanlı öldürülüb. Qubanın kəndlərində soyqırımı qurbanlarının  sayı 16 mindən çox olub. Lənkəran, Muğan bölgəsi, Qarabağ və Naxçıvanda da yaşayış məntəqələri yandırılıb, minlərlə insan vəhşicəsinə qətlə yetirilib.

Bildirilib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Qeyd olunub ki, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı müvafiq sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. Kompleksin indiyədək 200 mini əcnəbi vətəndaş olmaqla ümumilikdə 1 milyondan çox ziyarətçisi olub.

N.Məmmədli