Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaca məşhur “Arşın mal alan” operettası növbəti dəfə özbək dilində səhnəyə çıxıb. Bu dəfə operetta Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun musiqili teatr aktyorluğu ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin diplom tamaşası kimi səhnələşdirilib.

Musiqili komediyaya kurs rəhbəri, dosent Şerzod Məhəmmədiyev quruluş verib. Tamaşanı  institutun nəzdində fəaliyyət göstərən orkestr müşayiət edib.

Tamaşadan sonra çıxış edən institutun rektoru Eldor Şermanov Azərbaycan bəstəkarının şöhrəti dünyanı gəzən əsəri haqqında danışıb, “Arşın mal alan”ın uzun illədir Özbəkistanda da sevildiyini və hər zaman rəğbətlə qarşılandığını vurğulayıb.