Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı artıb.

Bu inamı yaradan və ümumilikdə xalqımızın milli ruhunu dirçəldən Vətən müharibəsində şanlı Zəfərimizin üçüncü ildönümündə bir daha tarixə ekskurs edib, ötən əsrdə dövranın gərdişi ilə indiki Ermənistan dövlətinin tərkibində qalmış yurd yerlərimizlə bağlı bəzi məqamları yada salmaq istərdik. Hərçənd tarixin dərinliyinə ekskurs etmədən də belə təkzibolunmaz faktlar göz qabağındadır.

1747-1828-ci illərdə, çar Rusiyası tərəfindən ilhaq edilənədək mövcud olmuş İrəvan xanlığı Azərbaycan dövlətçiliyinin tarixi monolitinin quruculuq və əzəmət nümunəsinin bir təcəssümü idi. O, Qərbi Azərbaycan ərazilərini Ağrıdağ düzündən Göyçə gölü hövzəsinə və Araz çayından qərbə qədər olmaqla 15 rayonu əhatə etmişdir. Xanlıqda aydın inzibati idarəetmə sistemi mövcud idi və burada xalçaçılıq, ticarət, əkinçilik, bağçılıq, tərəvəzçilik, maldarlıqla məşğul olan etnik Azərbaycan türkləri yaşamışlar.

İrəvan xanlığının ərazisi Rusiya imperiyası tərəfindən istila olunduqdan sonra Türkiyə və İrandan köçürülən ermənilərin hesabına demoqrafik vəziyyətdə ciddi dəyişikliklər baş verdi. Əgər İrəvan və Naxçıvan xanlıqları torpaqlarında yaradılmış Erməni vilayətində 1832-ci ildə 81 min erməni yaşayırdısa və onlardan 50 mindən çoxu 1828-29-cu illərdə buraya köçürülmüşdürsə, 1873-cü ildə artıq adı İrəvan quberniyası olaraq dəyişdirilmiş bu vilayətdə 221 mindən çox erməni vardı. Beləliklə, qırx il ərzində buradakı ermənilərin sayı təxminən üç dəfə artmışdı. Əlbəttə, bu, təbii artım sayəsində mümkün deyildi. Belə bir demoqrafik mənzərəni yalnız kütləvi köçürmə prosesi yarada bilərdi.

1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yarandı.

Müsəlman (Azərbaycan) Milli Şurası 29 may 1918-ci ildə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən bir gün sonra İrəvanın Ermənistan Respublikasına paytaxt olaraq verilməsi barədə qərar qəbul etdi.

1918-ci ilin qanlı mart hadisələri zamanı Azərbaycan xalqına qarşı Şaumyanın bolşevik qruplaşması ilə birlikdə erməni quldur dəstələrinin törətdiyi soyqırımından cəmi iki ay sonra Ermənistan paytaxtının taleyinə münasibətdə bu cür “həssas qayğıkeşlik”, yumşaq dillə desək, təəccüb doğurur.  

Prezident İlham Əliyev 2020-ci il 3 iyun tarixində (Tərtər Olimpiya İdman Kompleksinin açılışında bir qrup idmançı ilə görüşündə) bu barədə danışarkən bildirmişdi: “Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti nə üçün qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz...”.

Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə bu tarixi kədər hissi ilə bir daha xatırlatdı və bildirdi ki, əgər kimsə hesab edirdisə ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz Ermənistana verməklə ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi.

Azərbaycanın İrəvanı Ermənistana verməsi müqabilində qarşı tərəfin “minnətdarlıq” aktı 100 min azərbaycanlının 1948-1953-cü illərdə indiki Ermənistan ərazisində yaşadıqları tarixi torpaqlarından deportasiyası oldu. 1988-89-cu illər azərbaycanlıların Qərbi Azərbaycan ərazisindəki öz doğma yurdlarından tamamilə didərgin salınması və deportasiyanın son mərhələsi oldu.

“Biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik – 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən o vaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi”, – deyə Prezident İlham Əliyev bu acı tarixi xatırlatdı.

Buna onu da əlavə etmək lazımdır ki, ermənilər əzəli Azərbaycan torpaqlarına köçürüldükdən sonra onlar Azərbaycan xalqının mədəni, mənəvi və memarlıq irsinə qarşı vandalizm siyasəti həyata keçiriblər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. Azərbaycan mədəniyyətinə və müsəlmanlara aid dini abidələrin, azərbaycanlıların məzar daşlarının yerlə-yeksan edilməsi, müasir Ermənistan ərazisində Azərbaycan türk toponimlərinin tamamilə dəyişdirilməsi faktları erməni vandalizminin bariz sübutudur.

Ermənistandan bütün azərbaycanlılar qovulduqdan sonra bu respublikanın 16 rayonunda ümumilikdə 90 kənd adı, eləcə də onlara hidronimin (çaylar, göllər, digər su hövzələri) adları dəyişdirilib.

Azərbaycan ərazisinin təxminən 20 faizinin Ermənistan tərəfindən işğalı xalqımızın tarixində acı bir dövr idi və buna 2020-ci ilin noyabrında son qoyuldu. Bu Zəfər Azərbaycan dövlətinin həm hərbi-texniki, həm də iqtisadi qüdrətini, eyni zamanda mübarizəsinin ədalətinə inamını itirməyən və bir gün qalib gələcəyinə inanan xalqımızın mənəvi-psixoloji üstünlüyünü nümayiş etdirdi.

Azərbaycanın müzəffər liderinin dünya miqyasında artan nüfuzu, Azərbaycan xalqının öz quruculuq və müdafiə gücünə inamı ona bu gün Qərbi Azərbaycanın faciəsini, öz tarixi torpaqlarına qayıtmaq, eləcə də qonşu dövlətlərin xalqları ilə əməkdaşlıq və sülh şəraitində yanaşı yaşamaq kimi sülhsevər niyyətini bütün dünya ictimaiyyətinə açıq şəkildə xatırlatmağa imkan verir.

Volterin təbirincə, Vətən ruhumuzun əsir olduğu yerdir. Qərbi Azərbaycan da xalqımız üçün belə bir əzəli, ruhunun hər zaman üzərində dolaşdığı yurd yeri, Vətəndir.

Lətifə Məmmədova
Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru