Qılman İlkinin yaradıcılığı XX əsr Azərbaycan nəsrində özünəməxsus yer tutur. Təsvirləri real, həyati və təsirlidir. Əsərləri kimi, ssenariləri əsasında lentə alınan bədii filmlər də aktuallığını itirmir, maraqla qarşılanır.

Qılman İsabala oğlu Musayev (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində dünyaya göz açıb. Çox kiçik yaşlarında atası qəflətən vəfat edir. İbtidai təhsilə Mərdəkanda başlayan Qılman Bakı şəhərindəki 18 nömrəli orta məktəbdə təhsilini davam etdirir. 1929-cu ildə – orta məktəbi qurtarmağına bir il qalmış Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərilir. O, kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalır. Həmin dövrdə sovet rejimi xalqın imkanlı təbəqəsinin (qolçomaq) mal-mülkünü yağmaladığından kəndin nisbətən varlı şəxsləri dağlara çəkilir, dövlət zülmündən qurtulmağa çalışırdılar. Günlərin birində Qılman İlkin məktəbli ləvazimatı almaq üçün Bakıya gedir. Qayıdanda görür ki, bütün kənd matəm içindədir. Ona öz evində yer verən kənd sovetinin gənc sədrinin qətlə yetirildiyi bəlli olur. İllər keçəndən sonra kənddə qarşılaşdığı əhvalatları “Ömrün oğlan çağları” povestində qələmə alır.

1931-ci ildə Bakıya qayıdan Q.İlkin bir il “Gənc işçi” qəzetində ədəbi işçi kimi çalışır. Sonra Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsinə qəbul olunur. 1936-cı ildə təhsilini başa vurub “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor, müvəqqəti direktor vəzifələrində çalışır. II Dünya müharibəsi başlananda sovet ordusu sıralarında İranda hərbi müxbir kimi fəaliyyət göstərir. Təbrizdə çıxan “Vətən yolunda” qəzeti ilə əməkdaşlıq edir.

Q.İlkin 1953-1963-cü illərdə Nizami Gəncəvinin yubiley komitəsində elmi katib, Azərbaycan Dövlət Universitetində (BDU) müəllim, “Azərnəşr”də baş redaktor işləyir. Sonra “Azərbaycan” jurnalında baş redaktor, “Azərnəşr”in direktoru vəzifələrini də həyata keçirir.

O, ədəbi yaradıcılığa publisist kimi başlayıb, “Ədəbiyyat qəzeti”ndə tənqidi məqalələrlə çıxış edib, “Yaralı şahin” adlı ilk hekayəsini qələmə alıb. 1947-ci ildə “Həyat yollarında” adlı ilk kitabı nəşr olunub. Eyniadlı povestdə müəllif görkəmli dramaturq Nəcəf bəy Vəzirovun uşaqlıq illərinin maraqlı, yaddaqalan lövhələrini yaradıb. Müəllifin 1949-cu ildə hekayələrdən ibarət ikinci kitabı işıq üzü görür. Sonrakı illərdə daha məhsuldar çalışaraq “Üçtəpə uşaqları”, “Sahil küçəsində”, “Yazılı daş”, “Qalada üsyan” kitablarını ərsəyə gətirir. “Qalada üsyan” əsəri yazıçıya daha geniş şöhrət gətirir. Bu əsərin motivləri əsasında müəllifin ssenarisi ilə tamaşaçılar tərəfindən maraqla qarşılanan “Yenilməz batalyon” (1965, Hüseyn Seyidzadə)  filmi çəkilir. Yeri gəlmişkən deyək ki, onun ssenari müəllifi olduğu, İsmayıl Əfəndiyev və Şüa Şeyxovun birgə lentə aldıqları “Kölgələr sürünür” (1958) bədii filmi də maraqlı ekran əsərlərindəndir. 

Yazıçının “Şah və qarışqa”, “Şimal küləyi”, “Tapşırıq”, “Sərvinazım mənim”, “Ömrün oğlan çağları”, “Dağlı məhəlləsi”, “Tayqa nağılı”, “Dəniz qapısı” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. İdeya-bədii məziyyətləri ilə seçilən “Şimal küləyi” (1962) povestində xalqımızın keşməkeşli tarixinin aydın şərhi verilməyən illərinin bədii mənzərəsi öz əksini tapıb. Ədibin “Üçtəpə uşaqları”, “Ömrün oğlan çağları” povestlərində də gənclərin arzu və istəkləri, mübarizələrdə bərkiyən həyatı qabarıq verilib. Hekayələrində isə müəllif bir süjetlə qəhrəmanlarının daxili aləmini açmağa nail olur.

Q.İlkinin “Cərrahlar”, “Tayqa nağılı”, “Əsgər müharibədən qayıdırdı”, “Geriyə yol yoxdur”, “Baba və nəvə” televiziya pyesləri də diqqətəlayiq əbədi nümunələrdir. Bu pyeslərin tamaşaları maraqla qarşılanıb.

Görkəmli yazıçı tərcümə sahəsində də qələmini sınayıb. Öz əsərləri də xarici dillərə tərcümə edilib. Məhsuldar yaradıcılıq fəaliyyəti dövründə 50-dən çox kitabı işıq üzü görüb. “Şimal küləyi” əsəri Dövlət mükafatına layiq görülüb. “Bakı və bakılılar” kitabı isə “Humay” milli mükafatı alıb. Geniş və məhsuldar yaradıcılıq fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilib. 1989-cu ildə “Əməkdar incəsənət xadimi”, 2003-cü ildə isə “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

6 noyabr 2009-cu ildə Bakı şəhərində vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov