Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Metelitsa” Dövlət Rus Xalq Çalğı Alətləri Orkestri (Sankt-Peterburq) Sumqayıtda qastrol səfərində olub.

Noyabrın 4-də qonaq kollektiv Sumqayıt Dövlət Dram Teatrında çıxış edib. Əməkdar artist Cəlal Məmmədovun aparıcılığı ilə təqdim edilən konsertdə 30 ildən çoxdur dünyanı gəzən “Metelitsa”nın Azərbaycana ilk dəfə gəldiyi vurğulanıb.

Proqramda ötən əsrin ən populyar mahnılarından olan “Katyuşa”dan başlamış xalq ruhundan süzülən bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub. Qəmbər Hüseynlinin Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi məşhur “Cücələrim” mahnısının orkestrin bədii rəhbəri İqor Tonin tərəfindən işlənmiş versiyası tamaşaçılarda xüsusilə xoş ovqat yaradıb.

Konstantin Şaxanov, Vladimir Ditel, Vladimir Belyayevin musiqiləri, beynəlxalq müsabiqələr laureatı Leyla Axundova, Yelena Kurskaya, Lyubov Samatova, Andrey Kuzmin, Mixail Şustalov və Viktor Qridinin ifaları alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Metelitsa” Rus Xalq Çalğı Alətləri Orkestri 1989-cu ildə xalq çalğı alətləri ifaçısı, dirijor, Rusiyanın Əməkdar artisti İqor Tonin tərəfindən yaradılıb. 1992-ci ildə orkestrə “Dövlət” statusu verilib.