Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

 

Noyabrın 6-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Döyüşən rəssamlar” adlı tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu Zəfər Günü münasibətilə hər kəsi təbrik edib. O, tədbir çərçivəsində nümayiş olunacaq “Kətan, Vətən” adlı sənədli film haqqında məlumat verərək bildirib ki, “Azərbaycantelefilm”in istehsalı olan ekran işində Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmuş dörd rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov və Fərid Məmmədovun döyüş xatirələri, onların müharibəyə insani və yaradıcı münasibətləri əksini tapıb.

Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində “Zəfərə gedən yol” adlı rəsm əsəri yaranıb. Filmin sonunda göstərilən həmin rəsm əsəri bugünkü sərgidə də yer alıb.

AzTV-nin “Azərbaycantelefilm” yaradıcılıq birliyinin rəhbəri Əməkdar incəsənət xadimi Elçin Musaoğlu bildirib ki, bu günə kimi qurum tərəfindən Vətən müharibəsi mövzusunda bir sıra bədii-sənədli filmlər çəkilib. Bu mövzulu ekran əsərlərinin davamı olaraq noyabrın 8-də AzTV-də “O tərəfi kölgə” adlı bədii film nümayiş etdiriləcək.

Çıxışlardan sonra “Kətan, Vətən” filmi nümayiş olunub. Ekran işinin ssenari müəllifi və rejissoru Rövşən Nicat, layihə rəhbəri Elçin Musaoğlu, quruluşçu operatoru Elxan Rüstəmovdur.

Rejissor Rövşən Nicat tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində həmçinin Muzey Mərkəzinin qalereyasında “Döyüşən rəssamlar” adlı sərginin də açılışı olub. Sərgidə Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovla yanaşı, Pəri Əsgərova və Fəxri Musazadənin ümumilikdə 55 əl işi nümayiş etdirilib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

***

İkinci Qarabağ müharibəsinin iştirakçısı, rəssam Fərid Əhmədov Füzulidən Şuşayadək  döyüş yolu keçib. Müharibədən qayıdandan sonra magistraturaya qəbul olan Fəridin sərgidə “Bizim zaman” əsəri nümayiş olunur. Əsərdə cəsur döyüşçülərimiz tərəfindən Azərbaycanın mədəniyyət beşiyi Şuşanın azad edilməsi əks olunub.

Heykəltaraş Cavidan Rəhmətov Vətən müharibəsində Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşüb. Müharibə mövzusunda əsərlər üzərində çalışır. Sərgidə “Zəfər yolu” adlı əsəri yer alıb. Kompozisiyanın ön tərəfində 2020-ci il – Zəfərə gedən yoldan bəhs edilir, arxa tərəfində isə 1992-ci ildə məcburi köçkünlərin üzləşdiyi əziyyət əks olunub.

Birinci Qarabağ müharibəsi qazisi, rəssam İntiqam Ağayevin sərgidə 18 əsəri təqdim edilib. Əksəriyyəti Birinci Qarabağ müharibəsinə həsr olunub. Onların sırasında Aprel döyüşlərinə, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan tablolar da var.

Nurəddin Məmmədli