8 noyabr görkəmli teatr və kino aktrisası, pedaqoq, teatr təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, Xalq artisti Amaliya Pənahovanın (1945-2018) anım günü, vəfatının beşinci ildönümüdür.

Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (Adil İsgəndərovun kursu) təhsil alıb.

Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə çıxış etdiyi İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında Nargilə rolu ilə tanınmağa başlayıb. Aktrisa daha sonra Nərmin (“Unuda bilmirəm”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”), Təhminə (“Təhminə və Zaur”),  Xurşidbanu Natəvan (“Xurşidbanu Natəvan”) və s. tamaşalarda oynadığı obrazlarla sənətsevərlərin rəğbətini qazanıb.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan sənətkar bu kollektivin hazırladığı “Ölülər”, “Nadir şah”, “İnsan və iblis”, “Mənim Ərdəbilim”, “Dəli Domrul”, “Dönüş” və s. tamaşalar paytaxt teatrsevərlərinin ixtiyarına verilib. Özünü rejissor kimi də sınayan A.Pənahova 12 televiziya və teatr tamaşasının quruluşçu rejissoru olub. A.Pənahova 30-a yaxın filmdə (“Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm” və s.) lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Ömrünün 55 ilini Azərbaycan incəsənətinin inkişafına və təbliğinə həsr edən aktrisa teatrda, kinoda, televiziya tamaşalarında ümumilikdə 500-dən artıq müxtəlif səpkili parlaq obraz yaradıb.
Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, yeni aktyorlar nəslinin yetişməsində bilik və təcrübəsini əsirgəməyib.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olan A.Pənahova mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə öz töhfəsini verib.

Sənət fədaisinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, Dövlət mükafatına, “Şöhrət” və “Şərəf” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Allah rəhmət eləsin.