32 ölkədən 90-a yaxın film “Qızıl nar” uğrunda yarışacaq

 

10-15 noyabr tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin rəsmi tərəfdaşlığı ilə XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festival Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası və Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşəcək.

Noyabrın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi olacaq.

Festivala 78 ölkədən 704 film göndərilib. Seçim komissiyasının qərarına əsasən, 32 ölkəni təmsil edən 42 film festivalın beynəlxalq, 17 film “Asiya istedadları”, 26 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışacaqlar.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 3 film təqdim olunacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlıq çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Bafta” namizədlərinin xüsusi nümayişi olacaq.

Festivalın filmləri noyabrın 15-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “Bakı eyvanları”, Nicat Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri göstəriləcək.

Festival çərçivəsində noyabrın 12-də saat 14:00-da kinorejissor Rza Mirkərimin “Şərq rejissorunun özəlliyi” mövzusunda ustad dərsi, noyabrın 14-də saat 16:00-da qrafik dizayner Rəsul Həsənin “Kinoda süni intellekt texnologiyasının tətbiqi” adlı mühazirəsi keçiriləcək.

Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.

Festivalın media tərəfdaşları arasında “Mədəniyyət” qəzeti də var.

Nurəddin