Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Zəfər” musiqi və teatr festivalı keçirilir.

22 oktyabr – 8 noyabr tarixlərini əhatə edən festival çərçivəsində paytaxtda və bölgələrdə silsilə tədbirlər, konsertlər təşkil olunur. Eyni zamanda paytaxtda fəaliyyət göstərən konsert müəssisələrinin kollektivləri tərəfindən bölgələrdə musiqi axşamları reallaşdırılır. Təqdim edilən musiqi nömrələrində xalqımıza əbədi qürur bəxş edən şanlı Qələbəmiz tərənnüm olunur.

Festivalın daha bir konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Konserti şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər. 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova), vokalçı solistlər – Xalq artisti Azər Zeynalov, Əməkdar artist Tural Ağasıyev və Rauf Məmmədzadə çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Çənlibel” xoru və “Çırpınırdın, Qara dəniz”, F.Sücəddinovun “İthaf”, D.Dadaşovun “Qələbə uvertürası”, F.Əlizadənin “Zəfər marşı”, R.Əliyevin “Şuşanın dağları başı dumanlı”, E.Mansurovun “Ulu torpaq”, F.Əmirovun “Azərbaycan kapriççiosu”, C.Quliyevin “Əsgər marşı” və “Zirvə” əsərləri səsləndirilib.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Musiqi axşamının sonunda mədəniyyət naziri Adil Kərimli şəhid ailələrinin üzvləri ilə söhbət edib.

Nurəddin