I TÜRKSOY Beynəlxalq Teatr Festivalı başa çatdı

 

Uğurla başa çatan növbəti sənət bayramı – I TÜRKSOY Beynəlxalq Teatr Festivalı türk respublikalarının teatr mənzərəsini təsəvvürə gətirmək baxımından yaddaqalan layihə oldu. Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstandan teatr təmsilçilərini bir yerə toplayıb ümumi mənzərə hasil edən festival bizə həm də bir mətləbi ayırd etdi: hər bir ölkənin teatrının inkişafı üçün təcrübə mübadiləsindən daha çox özünəməxsus ənənələrinə söykənərək öz imicini yarada bilməsi önəmlidir.

Xəbər verdiyimiz kimi, 1-4 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Bakıda I TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirildi. Festival Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunmuşdu.

Festivalın son günü Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bağlanış və mükafatlandırma mərasimi keçirildi.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək yüksək qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi.

Baş katib Azərbaycanı, xüsusilə paytaxt Bakını Türk dünyasının böyük mədəniyyət mərkəzlərindən biri kimi səciyyələndirdi, hazırda “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşanı qardaş isə mənəviyyat şəhəri hesab etdiyini dedi.

Türk dünyasının çətin dönəmlərdə daim Azərbaycanın arxasında olduğunu deyən Sultan Raev ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə güc və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğuladı.

İlk festivalın uğurla reallaşdığını bildirən baş katib növbəti teatr şöləninin gələn il Türkmənistanın Aşqabad şəhərində keçiriləcəyini diqqətə çatdırdı.

Sonra festivalın qalib tamaşaları elan olundu. Türk dünyasının teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə əsasən, “Ən yaxşı musiqi tərtibatına görə” İstanbul Dövlət Teatrı “Bir nəfəs Dədə Qorqud” tamaşası ilə qalib oldu.

Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə toxunan uşaq” və Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) “Leyli və Məcnun” tamaşaları “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görüldülər.

Türküstan Musiqili Dram Teatrının (Qazaxıstan) “Qorqud əfsanəsi” səhnə əsəri “Ən yaxşı plastik həll” nominasiyasında mükafat aldı.

Müsabiqənin “Ən yaxşı aktrisa” mükafatı iki sənətçiyə – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Məsmə Aslanqızına (“Qarabağnamə”) və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrından Gülnabat Abdullayevaya qismət oldu.

Festivalın müsabiqədən kənar tamaşa nümayişlərinə görə isə Azərbaycan Dövlət Akademik Musiqili və Dövlət Pantomima teatrları fəxri diplomlarla təltif olundular.

Qeyd edək ki, festivalın münsiflər heyətinin rəhbəri TÜRKSOY-a Üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov idi. Münsiflər heyətində Türkiyədən tanınmış yazıçı-dramaturq, filoloq Mustafa Bal, Türmənistan Akademik Dram Teatrının aparıcı aktrisası, rejissor, Xalq artisti Gülalək Akmuradova, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu Estrada və xalq tamaşaları sənəti fakültəsinin professoru Temur Raşidov, Qazaxıstanın Əməkdar incəsənət xadimi, teatrşünas, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası Teatr tarixi və nəzəriyyəsi kafedrasının professoru Saniyə Kabdiyeva və yazıçı-dramaturq, ssenarist, rejissor, teatr tənqidçisi, Qırğızıstan Teatr Xadimləri İttifaqının sədri Janış Kulmambetov təmsil olunurdu.

Festival ideyasını yüksək qiymətləndirən münsiflər heyəti təmsilçilərinin fikrincə, bu, mədəniyyət, yaradıcılıq və birlik bayramıdır. Bu tədbir türk xalqlarının zəngin bədii irsini nümayiş etdirməklə yanaşı, həm də dünyanı onların mədəniyyətinin gözəlliyini və dərinliyini seyr etməyə, qoşulmağa dəvət edir.

TÜRKSOY Beynəlxalq Teatr Festivalının ən diqqətçəkən cəhətlərindən biri onun ümumbəşəri sənət dilinin sərhədləri aşdığını göstərməsi idi. Sevindirici haldır ki, böyük əksəriyyət – səhnədəkilərlə zaldakılar bir-birini maneəsiz başa düşürdülər.

Festivalın daha bir üstün xüsusiyyəti kimi də mövzu və üslub zənginliyini göstərmək olar. Belə ki, festival günlərində hər nəsil və zövqdə auditoriya üçün səhnə nümunələri təqdim edildi, tamaşaçılar sənətin əsrarəngiz gücündən zövq ala bildilər. Festival eyni zamanda qardaş ölkələrdə teatr prosesini, onun müasir vəziyyətini təhlil etmək imkanı yaratdı.

Həmidə Nizamiqızı