Xəbər verdiyimiz kimi, Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən 2022-ci ildə “Xarıbülbül əfsanəsi” sənədli filmi çəkilib. Film “Şuşa İli” və şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə ərsəyə gətirilib.

Noyabrın 7-də Mikael Silkeberq muxtar respublikada səfərdə olub. Qonaq səfər çərçivəsində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Əlincəqala tarixi abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası ilə tanış olub, çəkilişlər aparıb.

Sonra Naxçıvan MR Mədəniyyət Nazirliyində fotoqrafla görüş keçirilib. Nazir müavini Həsən Seyidov söhbət zamanı muxtar respublikada mədəniyyət sahəsinin inkişafı və kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb, yeni layihələr barəsində söz açıb.

Rejissor bildirib ki, Naxçıvan və İrəvanla bağlı film hazırlanacaq. Həmçinin İsveç Krallığında muxtar respublika ilə bağlı fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq.

Sonra Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində M.Silkeberqin lentə aldığı “Xarıbülbül əfsanəsi” filmi nümayiş olunub.

Nümayişdən öncə çıxış edən Həsən Seyidov Azərbaycan xalqı üçün əlamətdar bir tarixdə – Zəfər Günü ərəfəsində “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatının əhəmiyyətini qeyd edib.

Sonra müəllif “Xarıbülbül əfsanəsi” sənədli filminin ərsəyə gəlməsi barədə fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, müxtəlif dillərə tərcümə olunaraq dünyanın  100-dən artıq ölkəsində nümayiş olunan ekran əsərinin çəkilişlərinə 2020-ci ilin II Qarabağ müharibəsindən sonra başlanılıb. Xarıbülbül barədə eşitdiyi əfsanələr, Xan qızı Natəvanın poeziyası, Qarabağın bülbül səsli xanəndələri “Xarıbülbül əfsanəsi” sənədli filminin ərsəyə gəlməsinə vəsilə olub. Filmdə Xarıbülbülün vətəni Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında söz açılır.

Film izləyicilər tərəfindən maraqla qarşılanıb.