Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1998-ci il 11 yanvar

 

Prezident Heydər Əliyev Azərbaycanın dahi bəstəkarı və görkəmli mədəniyyət xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Qara Qarayevin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

1998-ci il 2 fevral

 

Azərbaycan Gəncləri Günü münasibətilə Respublika Sarayında keçirilən gənc ifaçıların estrada mahnı müsabiqəsi qaliblərinin qala-konsertində iştirak edib.

 

1998-ci il 19 fevral

 

Xalq artisti, ustad xanəndə Arif Babayevi 60 illik yubileyi münasibətilə təbrik edib.

 

1998-ci il 20 fevral

 

Xalq rəssamı Böyükağa Mirzəzadəyə doğum günü münasibətilə təbrik məktubu göndərib.

 

1998-ci il 22 fevral

 

Ədəbiyyat və incəsənət xadimlərinə fərdi təqaüdlərin (Heydər Əliyevin 1997-ci il 10 noyabr tarixli fərmanı ilə təsis edilmişdi) verilməsi haqqında sərəncam imzalayıb. İlk sərəncamla 15 nəfər qocaman ədəbiyyat və incəsənət xadimi fərdi təqaüdə layiq görülüb: Hüseyn Abbaszadə (yazıçı), Tahir Abdullayev (memar), Mirzə Babayev (müğənni), Nəbi Xəzri (şair), Əzizə Cəfərzadə (yazıçı), Muxtar Dadaşov (kino xadimi), Sabir Əhmədov (yazıçı), Firəngiz Əhmədova (opera müğənnisi), Süleyman Ələsgərov (bəstəkar), Habil Əliyev (kamança ifaçısı), Zəroş Həmzəyeva (aktrisa), Gülxar  Həsənova (opera müğənnisi), Mirələsgər Mirqasımov (heykəltaraş), Böyükağa Mirzəzadə (rəssam), Maral Rəhmanzadə (rəssam).

***

Gənc yazıçılara (10 nəfər) fərdi təqaüdlərin (1 il müddətinə) verilməsi haqqında sərəncam (1997-ci il 24 noyabr tarixli fərmana uyğun olaraq) imzalayıb.

 

1998-ci il 13 mart

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı 60 illik yubileyi münasibətilə təbrik edib.

 

1998-ci il 20 mart

 

Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə məcburi köçkünlər üçün keçirilən şənlikdə nitq söyləyib.

“...Burada şuşalı qardaşımız böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsinin açılışı zamanı mənim 1982-ci ildə Şuşaya səfərimi xatırlatdı... Bu, mənim böyük iftixar edə biləcəyim bir hadisədir və biz hamımız Şuşada böyük bayram etdik. Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim milli  rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu – biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik.

Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır...”.

 

1998-ci il 21 mart

 

Bakıda, Qoşa qala qapısı önündə keçirilən Novruz bayramı şənliyində nitq söyləyib. İçərişəhərdə bayram tədbirinə qatılan ziyalılar, ədəbiyyat və incəsənət xadimləri ilə görüşüb söhbət edib.

 

1998-ci il 24 mart

 

Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həsənağa Turabovu 60 illiyi münasibətilə təbrik edib.

 

1998-ci il 26 mart

 

Respublika Sarayında Xalq şairi Süleyman Rüstəmin 90 illiyinə həsr edilmiş yubiley gecəsində nitq söyləyib.

“...Süleyman Rüstəm Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixinə daxil olmuş görkəmli simalardan biridir... Süleyman Rüstəmin bütün yaradıcılığı xalqımızda birinci növbədə vətəni sevmək, vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib...

Biz keçmişdə Rusiyanın bir hissəsi olaraq, sovet hakimiyyəti qurulandan sonra o quruluşu, ideologiyanı, ictimai sistemi qəbul edib onun çərçivəsində yaşamışıq, həyat sürmüşük... Bəli, xüsusən 1920-1930-cu illər ağır repressiya illəri olubdur, xalqımız çox itkilər veribdir. Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı?

Süleyman Rüstəmin əsərlərinin ana xətti vətənpərvərlik, vətənə, millətimizə, xalqımıza sədaqətdir... Vətənə, Azərbaycana bağlılıq Süleyman Rüstəmin Təbrizlə əlaqədar şeirlərində də və böyük Azərbaycan, İran şairi Şəhriyarla yazışmalarında da özünü göstərir. Yalnız vətənini, millətini hədsiz sevən və ona sadiq olan bir insan, şair Süleyman Rüstəmin yazdığı şeirləri yaza bilərdi...

Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcəkdir. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur. Süleyman Rüstəm Azərbaycan xalqının həyatında böyük iz qoyub dünyasını dəyişmiş görkəmli şəxsiyyətlərdən biridir. Ona görə də Süleyman Rüstəmin yubileyini keçirmək onun qoyub getdiyi irsə göstərdiyimiz hörmətdir...”.

Yubiley konserti qurtardıqdan sonra Heydər Əliyev incəsənət ustaları ilə görüşüb söhbət edib.

Hazırladı: V.Orxan

(davamı var)