14-16 noyabr tarixlərində Türkmənistan paytaxtı Aşqabadda “Xoşbəxtlik dövrünün teatr sənəti” adlı IV Beynəlxalq Teatr Festivalı keçirilir. Ölkəmizi festivalda Mədəniyyət Nazirliyi və TÜRKSOY-un dəstəyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrı təmsil edir.

Teatrdan bildirilib ki, sənət ocağı festivala Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşasını aparıb. Kollektiv noyabrın 15-də Türkmənistan Baş Dram Teatrının səhnəsində çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Əməkdar artistlər Nazir Rüstəmov (Həsənzadə), Azad Məmmədov (Fərəc), aktyorlar Zəhra Salayeva (Nargilə) və Püstəxanım Zeynalova (Nəzakət) ifa edirlər.