XX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm cərəyanından söz açılanda yada düşən müəlliflərdən biri də görkəmli şair, ədəbiyyatşünas və tərcüməçi Əli Nəzmidir. Mirzə Ələkbər Sabir ədəbi məktəbinin fəal davamçılarından olan şair  ömrünün əlli ilini bədii yaradıcılığa həsr edib. Sələfləri kimi can-dildən vətənin tərəqqisi, mədəniyyət və maarifin inkişafı yolunda mübarizə aparıb.

Şairi anadan olmasının 145 illiyi münasibətilə bir daha yada saldıq.

Əli Məhəmməd oğlu Məmmədzadə (Əli Nəzmi) 1878-ci ildə Gəncə yaxınlığındakı Sarov (Sərab) kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alan Əli sonra rus-tatar məktəbində oxuyur. Ancaq atasının vaxtsız vəfatı üzündən təhsilini davam etdirə bilmir. Ailəsinə kömək məqsədilə yaxın bir qohumu onu özü ilə Buxara və Səmərqənd şəhərlərinə aparır. Orada dükanda işləyən Əli imkan tapdıqca Şərq ədəbiyyatını mütaliə edir, “Bikəs” təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Gəncəyə qayıtdıqdan sonra tez-tez Tiflisə gedir. Orada Azərbaycan ədəbi ictimaiyyətinin nümayəndələri ilə əlaqələr qurur. İlk mətbu əsəri “Kənddə ibtida” şeiri 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc olunur. Ölkədə baş verən inqilabi hərəkat (1905-1907) ona böyük təsir edir. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı öz qayəsi ilə onun diqqətini çəkir. Satirik şeirləri “Məşədi Sijimqulu” və “Kefsiz” imzası ilə jurnalda işıq üzü görür. Qələmə aldığı “İstibdad”, “Qorxuram”, “Olacaqmı”, “Sizə nə”, “Ey füqəra”, “Od tutub odlandı vətən” və başqa şeirlərində azadlıq ideyalarını təbliğ edir. Şeirləri cəmiyyətdə birmənalı qarşılanmayan şair əsərlərini “Həcamətverdi”, “Sərsəri”, “Şəmşir”, “Şəmşirək”, “Peşman qoca”, “Gəncə cavanları”, “Qoca zığ-zığ” və s. gizli imzalarla dərc etdirir.

Çarizmin müstəbidliyi, millətlərə qarşı sonsuz zülmü Əli Nəzminin 1920-ci ilə qədərki yaradıcılığında kədərli bir dillə təsvir olunur. Şair “Bu da bir bahar” əsərində vətən yaralarını ümidsiz və qəmli notlarla qələmə alır:

Qırmızı qan ilə əlvandır bu gün lövhi-vətən,
Çəngi - istibdaddə qəbz olmada ruhi-vətən.

Azadlıq ümidinin nəticəsiz və irticanın qara əlləri ilə hər şeyin alt-üst edildiyini görən müəllif yazır:

Od tutub odlandı vətən sərbəsər,
Olmadı övladi-vətən bəxtəvər.

Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”də Əli Nəzmi haqqında məqaləsində yazır: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində “Quli-biyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin “Tömeyi-nahar”ı bizim səsimizə səs verdi. Bununla da Məşədi Sijimqulu Kefsiz də meydana çıxdı. M.Ə.Sabirin “Tömeyi-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şeirini göndərdi. Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbii şeirini büruzə verən həmən “Tömeyi-nahar” oldu...”.

Ə.Nəzmi satirik şeirdə məharət sahibi olduğunu göstərir. Müraciət etdiyi mövzular, demək olar ki, Sabir yaradıcılığı ilə eyniyyət təşkil edib. Onun xurafatçıları, xalqı aldadan falçıları və s. həcv edən şeirlərində Sabir ruhu duyulur. Sabirin vəfatından sonra “Molla Nəsrəddin”də, eləcə də “Məzəli”, “Zənbur”, “Tuti” və başqa mətbu orqanlarda ən yaxşı satirik şeirlər yazan Ə.Nəzmi olub.

Şair “İrsi-pədər” (“Ata irsi”), “Gülürəm”, “Yorğun bir baxış” şeirlərində bir rəssam kimi cəhalət və nadanlığın mənzərəsinin ibrətli təsvirini verib. “Ədəbiyyat, yaxud minacat” satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, “Məzəli” şeirində İran hökmdarı Məhəmmədəli şahı tənqid atəşinə tutub.

Satirik şairin dili sadə, üslubu rəvandır. Şeirlərində daim sadəliyi saxlamağa çalışan qələm sahibinin təsvirləri yığcam və dəqiqdir.

Ə.Nəzmi Gəncədə uzun müddət müəllim işləyib. 1924-1926-cı illərdə “Yeni Gəncə” qəzeti redaksiyasında, bir müddət sonra Bakıya köçərək “Kəndli” qəzeti, “Molla Nəsrəddin” jurnalı redaksiyalarında çalışıb.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair II Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlər qələmə alıb. O, həmçinin tərcüməçiliklə də məşğul olub, N.Gəncəvi, Ə.Firdovsi, İ.Krılov kimi söz sənətkarlarından tərcümələr edib. XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatından bəhs edən “Keçmiş günlər” (1944) adlı mənzum xatirə yazıb.

Əli Nəzmi 4 yanvar 1946-cı ildə, 68 yaşında Bakıda vəfat edib.

S.Fərəcov