İspan rəssam Pablo Pikassonun (1881-1973) “Saatlı qadın” əsəri Nyu-Yorkun “Sotheby’s” hərrac evində 139 milyon dollara satılıb.

Bu barədə “Sotheby’s”in saytında məlumat verilib. Qeyd olunub ki, bu, Pikassonun ikinci ən bahalı rəsm əsəri sayılır. Bildirilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.

Rəsm 1932-ci ildə 130x97 ölçüdə kətan üzərində çəkilib. Əsərdə rəssamın sevgilisi, onu yaradıcılığa ruhlandıran fransız model Mariya Tereza Valter təsvir edilib. 17 yaşlı Mariya rəssamla 1927-ci ildə Parisdə tanış olub. Həmin vaxt Pikasso rus balet artisti Olqa Xoxlova (1891-1955) ilə evli idi və bir qızları vardı...

Qeyd edək ki, Pikasso ölümündən yarım əsr sonra da sağlığında olduğu kimi ən populyar rəssamlardan biridir. İndiyədək ispan rəssamın 5 əsəri hər biri 100 milyon dollardan yuxarı olmaqla satılıb. Bundan əlavə, rəssamın 16 əsəri hərraclarda hər biri 50 milyon dollardan çox qiymətə alıcı tapıb.