Atlantik okeanın şimal hissəsində yerləşən İslandiya ən böyük vulkanik adadır. Yerli mətbuatın məlumatına görə, ölkə son yarım əsrdə ən güclü vulkan püskürməsi ərəfəsindədir. “Faqradalsfyall” vulkanı əhalisinin sayı 3600 nəfər olan Qrindavik balıqçılar şəhərinin yaxınlığında yerləşir.

Hökumət nümayəndələri ehtiyat edirlər ki, vulkan Qrindaviki tamamilə məhv edə bilər. Qrindavikdə 14-15 noyabr tarixlərində 800-dək yeraltı təkan qeydə alınıb, atmosfer havasında kükürd dioksid səviyyəsinin artması isə maqmanın səthə 500 metr yaxınlaşdığını göstərir. Lava səthə çıxsa, şəhər yerin altında qalacaq. Bu, Qrindavik səlahiyyətlilərini şəhəri boşaltmağa məcbur edib. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Yaxınlıqdakı Svarsenga elektrik stansiyası və bu rayonda yerləşən məşhur geotermal kurort olan Blue Lagoon ətrafında mümkün lava axınının qarşısını almaq üçün 6-8 metr hündürlüyündə baryerlər tikməyə başlayıblar.