Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1998-ci il 30 mart

 

Prezident Heydər Əliyev Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin qoyulması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası tərəfindən Sankt-Peterburq şəhərinə hədiyyə edilən abidə 2002-ci ilin iyun ayında ucaldıldı.

 

1998-ci il 31 mart

 

Görkəmli filosof alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri Heydər Hüseynovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

1998-ci il 7 aprel

 

Respublika Sarayında “Bakılı oğlanlar” ŞHK-nin yeni proqramına baxıb.

 

1998-ci il 11 aprel

 

Dahi şair Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasim iştirakçılarına müraciət ünvanlayıb.

 

1998-ci il 12 aprel

 

Akademik Milli Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” (“Göytürklər”) pyesinin tamaşasına baxıb.

 

1998-ci il 16 aprel

 

Görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

Görkəmli şairi və dramaturq İslam Səfərlinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə İslam Səfərlinin yaşadığı binaya (Həsən Seyidbəyli küçəsi, 30) xatirə lövhəsinin vurulmasını təmin etmək tapşırılıb.

Xalq artisti, görkəmli vokal ifaçısı Lütfiyar İmanovu anadan olmasının 70 illiyi münasibətilə təbrik edib.

 

1998-ci il 23 aprel

 

Respublika Sarayında Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləyib.

“...Azərbaycanda keçmiş əsrlərdə də qadın, xanım şairlər olmuşdur. XX əsrdə də qadın şairlərimiz bu gözəl ənənəni davam etdirmişlər. Bunu XX əsrdə davam etdirən ən görkəmli qadın şairlərimizdən biri Mirvarid Dilbazi olmuşdur.

...Bugünkü yubiley mərasimi şeir axşamıdır. Son illərdə bizim yazıçılarımızın, şairlərimizin, mədəniyyət, incəsənət xadimlərimizin yubileylərini təntənə ilə qeyd etməyimiz çox gözəl ənənədir. Bugünkü bu gözəl gecəni yaradanlara, səhnədə olan Azərbaycanın incəsənət, mədəniyyət xadimlərinin hamısına ürəkdən təşəkkür edirəm...”.

 

1998-ci il 2 may

 

Respublika Sarayında dünya kinosunun 100 illiyi münasibətilə keçirilən “Festivallar Festivalı”nın açılışına həsr olunmuş təntənəli gecədə nitq söyləyib.

“...Bu gün biz bir kəşf etdik ki, – bu, həm Rüstəm İbrahimbəyov (AKİ-nin sədri, festivalın təşkilatçısı – red.) üçündür, həm də onun həmkarları üçün, – göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur... Bu, o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda olmuşdur. Axı az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın...

Mən şadam ki, Azərbaycan kinosu mövcud olduğu dövr ərzində geniş inkişaf etmişdir. Bu gün siz Azərbaycan kinosu xronikasının tarixindən bəzi kadrları göstərəndə də, açığını desəm, mən bir daha və bir daha sevindim. Baxmayaraq ki, bunların hamısını görmüşəm, bütün bunlar mənə məlumdur. Elə vaxt gəlir ki, yenidən tarixlə təmasda olursan...

Mən Azərbaycanda respublikanın rəhbəri işləyərkən kino sənətinin inkişafına böyük diqqət yetirirdim... Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Kinematoqrafiya Komitəsinə kuratorluq edirdim. Ona görə də sizi sadəcə kino tamaşaçısı kimi ekrandan yox, praktiki fəaliyyətinizdən də tanıyıram. Bilirəm ki, kinematoqraf əməyi çox mürəkkəb, ağırdır. Ümumiyyətlə, artistin əməyi ağır zəhmətdir. Mən dəfələrlə demişəm və bu gün bir daha demək istəyirəm ki, tamaşaçı səhnəyə baxır, artist çıxış edir, rolu oynayır, o, tanınmış adamdır, onu alqışlayırlar. Amma insan səhnəyə çıxanadək nə qədər zəhmət çəkir, nə qədər həyəcan keçirir, səhnənin arxasında nələr baş verir – bunları heç də hamı bilmir. Ancaq mən bilirəm. Ona görə də teatr işçilərinin əməyini, kinoaktyor, rejissor əməyini yüksək qiymətləndirirəm...”.

 

1998-ci il 9 may

 

Bakıda, Tbilisi prospektində Prezident Eduard Şevardnadze ilə birlikdə Gürcüstan tərəfindən Azərbaycana hədiyyə edilən “Azad olunmuş enerji” abidəsinin (heykəltaraş Georgi Caparidze, memar Elbay Qasımzadə) açılış mərasimində nitq söyləyib.

“...Gürcü və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı qədim tarixə malikdir... Biz bu abidə ilə bu gün bir daha dünyaya nümayiş etdiririk ki, gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan qonşuluq və qardaşlıq böyük sınaqlardan keçərək mətinləşmiş, möhkəmlənmiş, yüksəlmiş, bu gün sarsılmaz və əbədi olmuşdur.

Gürcüstan, Tbilisi azərbaycanlılar üçün və xüsusən Azərbaycan ziyalıları üçün həmişə doğma diyar və şəhər olubdur. Onlar uzun illər Tbilisidə, Gürcüstanda yaşayıb-yaradıblar, böyük izlər qoyublar. Biz minnətdarıq ki, Mirzə Fətəli Axundovun yaşadığı ev indi artıq Tbilisidə muzeyə və ziyarətgaha çevrilibdir. Cəlil Məmmədquluzadənin yaşadığı ev də muzeyə çevrilibdir... Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli Xan Xoyskinin qəbirləri Tbilisinin ən gözəl guşələrinin birində qorunub saxlanır...”.

 

1998-ci il 12 may

 

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun Akademik Opera və Balet Teatrında keçirilən yaradıcılıq gecəsindən sonra onunla və konsertin digər  ifaçıları ilə görüşüb.

“...Konsertindən çox məmnun oldum. Eyni zamanda həm istedadlı rəssam, həm də istedadlı müğənni olmaq fitri vergiyə malik insana xas cəhətdir. Səni səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Dövlət Kamera Orkestri çox xoşuma gəldi. Mən bütün musiqiçilərdən razıyam və onlara təşəkkür edirəm... Böyük uğurla keçən gecənin sonunda sənin çox yüksək səviyyədə ifa etdiyin görkəmli bəstəkar Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı məndə xoş təəssürat oyatdı...”.

Hazırladı: V.Orxan

(davamı var)