Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun (1933-2019) 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbirdə ABİ-nin katibi Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli bəstəkarımız Qara Qarayev məktəbinin layiqli davamçısı olan Arif Məlikovun yaradıcılığında xalqımızın tarixi, milli ənənələri, klassik poeziya nümunələri musiqinin müxtəlif janrlarında dolğun ifadə vasitələri ilə tərənnüm olunub. Bəstəkarın zəngin yaradıcılıq irsinə 8 simfoniya, simfonik poemalar, orkestr süitaları, vokal-simfonik, kamera-instrumental əsərləri, film və tamaşalara yazılmış musiqi və s. daxildir. Bu əsərlər içərisində bəstəkarın dünyanın müxtəlif səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti xüsusi yer tutur.

Arif Məlikovun pedaqoji və ictimai fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) kafedra müdiri olaraq musiqi mədəniyyətimizin inkişafına xidmət edib.

Konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru İmruz Əfəndiyeva “Xatirələrdə yaşayan böyük bəstəkar və musiqi ictimai xadim”, bəstəkarlar – Əməkdar müəllim Lalə Cəfərova “Arif Məlikovun balet yaradıcılığı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova “Arif Məlikovun simfonik musiqisi”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova “Arif Məlikovun kamera-vokal əsərləri”, Arzu Məmmədova “Arif Məlikov haqqında xatirələrim” adlı məruzələrlə çıxış ediblər.

Tədbirin musiqi hissəsində bəstəkarın kamera əsərləri səslənib. Proqramda Nazim Hikmətin sözlərinə yazılmış vokal silsilədən 5 romans (Əməkdar artist, soprano Nərgiz Kərimova, konsertmeyster Svetlana Əhmədova), fleyta və fortepiano üçün “Konsertino” (beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyeva – fleyta, Zərif Kərimova – fortepiano), “Məhəbbət əfsanəsi” baletindən “Qızların rəqsi” kanon və fortepiano üçün işləmələri (Rəna Mirağayeva – kanon, Sevinc Kərimova – fortepiano) yer alıb.

Sonda Arif Məlikovun qardaşı qızı, Əməkdar artist, BMA-nın baş müəllimi Nigar Məlikova tədbirin təşkilinə görə ABİ-yə minnətdarlığını bildirib.