Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşkil etdiyi “İgidlərin sözü” layihəsi çərçivəsində “Qayıdışın mübarək!” adlı ədəbi-musiqili gecə keçirildi.

Vətən müharibəsində Zəfərimizin üçüncü ildönümünə həsr olunan tədbirdə müharibə veteranları olan şairlər və musiqiçilər çıxış etdilər.

Tədbir  iştirakçıları əvvəlcə BMM-in foyesində Azərbaycan Televiziyasının (AzTV) “Döyüşən rəssamlar” layihəsi çərçivəsində təqdim edilən qazi  rəssamların əsərlərindən ibarət sərgi ilə tanış oldular. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov çıxış edərək layihənin və tədbirin əhəmiyyətindən söz açdı.

Tədbirdə sözləri şair Arif Abdullazadəyə, musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı” mahnısının səslənməsindən sonra  ötən il “Muğam” Televiziya Müsabiqəsinin qalibi olmuş 13 yaşlı Həzrət Əzizlinin ifası təqdim edildi.

Vətən müharibəsinin qazi şairləri Oğuz Alparslan, Miri Abdullayev və Vüsal Hətəmov yaradıcılıq nümunələrini səsləndirdilər. Qazi Məbud Əhmədovun ifasında “Qarabağ” mahnısı böyük alqışlarla qarşılandı.

İkinci Qarabağ müharibəsi iştirakçıları Eyvaz Eyvazlı, Emin Piri, Tamerlan Əsədov, Elvin İntiqamoğlu vətənpərvərlik ruhunda şeirlərini söyləyiblər. Bədii nümunələrdən bəlli olur ki, Vətən oğulları düşmənlə döyüşməklə yanaşı, od-alovun içində bir-birinə arxa-dayaq olan səngər yoldaşlarının sevinc və kədərlərini misralara çeviriblər.

Vətən müharibəsi zamanı könüllü kimi döyüşlərə qatılan qazi şair və yazıçılar Nicat Fərman, Kərəm Aydın, Həsən Kür, Cavid Əlioğlunun çıxışlarından sonra Üzeyir bəyin “Çırpınırdın, Qara dəniz” mahnısı qazi İdris Hüseynovun (ud) ifasında, qazi-tarzən Fərid Atazadənin ifasında isə “Laçın” mahnısı böyük coşqu ilə qarşılandı.

Gecədə sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: şair Salam Sarvan), musiqisi Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək!” adlı əsər Əməkdar artist Lalə Məmmədovanın ifasında ilk dəfə təqdim olundu. 

Sonda “Söz” və “İgidlərin sözü” layihələrinin müəllifi və rəhbəri, DABF-nin Mədəniyyət, təhsil və humanitar komitəsinin sədri Nigar Həsənzadə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Lalə