Olaylar, faktlar (17–20 noyabr)

 

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children’s Day). 1989-cu ilin 20 noyabrında “Uşaq hüquqları haqqında Konvensiya”nın qəbulu ilə bağlı BMT Baş Assambleyası tərəfindən təsis edilib.

 

105 il əvvəl...

 

19 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Cümhuriyyət Parlamentinin (Müəssislər Məclisi) çağırılması barədə qərar qəbul edilib. Parlamentin 120 deputatdan ibarət olması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer erməni əhalisinə, 10 yer ruslara, 4 yer milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb. Qərara əsasən, müsəlman fraksiyasının 44 nəfərini Milli Şuranın üzvləri təşkil etməli, 36 deputat əlavə olaraq şəhər və qəzalardan seçilməli idi. Parlament 7 dekabrda fəaliyyətə başladı.

 

78 il əvvəl...

 

20 noyabr 1945-ci ildə Nürnberq şəhərində faşist Almaniyasının ələ keçmiş rəhbərləri üzərində məhkəmə başlanıb. 1946-cı il oktyabrın 1-də başa çatan məhkəmədə 12 nəfər barəsində ölüm hökmü (asılmaqla) çıxarıldı. Məhkəmənin qərarı 1946-cı il oktyabrın 16-da icra olundu.

 

35 il əvvəl...

 

17 noyabr 1988-ci ildə Bakıdakı Lenin (indiki Azadlıq) meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq kütləvi mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş hərəkatı kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.

 

33 il əvvəl...

 

17 noyabr 1990-cı ildə Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Deputat Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib. Ali Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.

 

32 il əvvəl...

 

20 noyabr 1991-ci ildə erməni silahlı dəstələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu “Mi-8” vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfər, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, DQMV prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər həlak olmuşdu. Faciə ilə bağlı Azərbaycanda üçgünlük (21-23 noyabr) matəm elan edilib.

 

24 il əvvəl...

 

18 noyabr 1999-cu ildə İstanbuldakı “Çırağan” sarayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi ilə bağlı tarixi sənədlər imzalanıb. Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl BTC-yə dair hökumətlərarası sazişi, üç ölkənin rəhbəri, habelə ABŞ Prezidenti Bill Klinton və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev layihənin dəstəklənməsinə dair “İstanbul Bəyannaməsi”ni imzalayıblar. 2002-ci ildə inşası başlayan BTC 2006-cı ildə istifadəyə verildi.

Hazırladı: V.Orxan