“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

 

Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Elçin. Biblioqrafiya” kitabının və “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazasının təqdimatı olub.

Milli Kitabxanada keçirilən təqdimatı direktor Kərim Tahirov açaraq Xalq yazıçısı Elçinin ədəbiyyatımızda yeri və mövqeyi barədə danışıb, biblioqrafik nəşr barədə məlumat verib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov yazıçının 60-cılar nəslinin parlaq nümayəndəsi olduğunu, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına, o cümlədən milli dramaturgiyaya mühüm töhfələr verdiyini qeyd edib.

Tədbirdə digər çıxış edənlər – Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Xalq yazıçısı Elmira Axundova, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, professor İlham Rəhimli, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı yubilyarın yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Yazıçının dram əsərlərinin dünyanın bir çox ölkələrində səhnələşdirildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından kino sənətimiz üçün də çox uğurlu olub.

Yubilyar ədib tədbir iştirakçılarına, biblioqrafiya kitabının ərsəyə gəlməsi və nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonda Milli Kitabxana tərəfindən hazırlanan “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazasının təqdimatı olub.