II yazı

 

“Bu möhtərəm şəxsin fəaliyyəti insanları həqiqət işığına aparır! Maraqlıdır yəqin ki, Badukübədə Tağıyevdən daha zəngin və savadlı adamlar olsa da, burada ilk teatr binasını tikdirən hörmətli Hacı olub. Badukübənin ziyalı gəncləri bu teatrda ildə bir neçə dəfə türk dilində komediya tamaşasına baxmaq imkanı əldə edirlər. Kirayə haqqı axşam üçün yüz rubl olsa da, hörmətli Hacı tez-tez nəinki götürmür, həm də xeyriyyə məqsədləri üçün əlavə töhfələr verir. 1900-cü ildə teatrın yenidən qurulması üçün yüz minə yaxın pul bağışladı, teatr kiçik olsa da, qeyri-adi dərəcədə gözəldi...”.

Bu sətirlər Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyevin yubileyi münasibətilə qələmə aldığı “Hacı Zeynalabdin Tağıyevin əlli illiyi və xalq qarşısındakı xidmətləri” kitabındandır. Kitab 1900-cü ildə çap olunub. Təbii ki, həmin kitabda Tağıyev şəxsiyyətinin digər cəhətlərindən də yazılıb, onun Vətən, xalq qarşısındakı xidmətləri barədə geniş məlumat verilib. Amma gerçəkdən də teatr binası tikmək böyük hünərdir.

 

Zaman o zaman idi ki…

 

…1880-ci illərin neft bumu yaşayan Bakını təsəvvür edin. Təəssüf ki, dövrün fotoxronikası neft qoxulu şəhərin sürətli sənayeləşmə ilə bərabər, iri mədəniyyət mərkəzinə də çevrilməsini tam əks etdirmir. Tutalğa üçün əlac qalır qəzet səhifələrinə üz tutmağa.

“Kaspi” qəzetinin 18 aprel 1882-ci il tarixli nömrəsində teatrla bağlı bir xəbər diqqət çəkir:

“Nəhayət ki, bizim də isti, rahat, bütün zəruri qurğuları olan əsl teatrımız olacaq. Bu teatra görə cənab Tağıyevə minnətdar olacağıq ki, bu yaxşı əməlinə görə şəhər ona təşəkkür edəcək...”.

Bu xəbərlə yanaşı, qəzetdə həmin gün Qafqazın yeni canişini knyaz A.M.Dondukov-Korsakovun Bakıya gələcəyi barədə xəbər də yer almışdı. Bakıda teatr binasının tikiləcəyi xəbərini açıqlamaq üçün bundan yaxşı fürsət olmazdı.

Ayın 20-də yeni canişin Bakı Dumasının üzvləri, yerli neftxudaların və şəhər əhalisinin nümayəndələri ilə görüşür. Görüşdə Hacı Zeynalabdin canişinə həm də teatr binası tikdirəcək şəxs kimi təqdim edilir. Tağıyev teatr binasını öz şəxsi mülkiyyəti olan torpaq sahəsində – Merkuri (indiki Zərifə Əliyeva) – Qorçakov (indiki H.Z.Tağıyev) – Pyotr bulvarı (indiki Neftçilər) kimi üç küçənin kəsişdiyi ərazidə tikdirmək istəyirdi. Həmin yerdə Tağıyevin taxıl anbarı vardı. O, anbar binasını sökdürərək onun möhkəm özülləri üstündə teatr binası tikdirmək istəyirdi.

Layihənin ilkin variantında tamaşa salonunda parter və loja yarusları daxil olmaqla 578 yer nəzərdə tutulmuşdu. Yeri gəlmişkən, həmin vaxt Bakının əhalisi 100 mini keçmişdi.

Birinci layihənin müəllifi memar Xrisanf Vasilyev teatr binası ilə eyni vaxtda Bakıda daha bir möhtəşəm layihə – dəmir yolu vağzalının binasının layihəsi üzərində çalışırdı. Maraqlıdır ki, bu tikili ilə Tağıyev teatrının fasadında oxşar cizgilər və müəllif dəst-xətti aşkar hiss olunur.

Layihədə teatrın dörd qapısı vardı: biri – qonşu bina ilə yanaşı, ikisi – küçədən, dördüncüsü – bulvardan.

Tikintiyə mühəndis-texnoloq Ferdinand İ.Lemkul rəhbərlik edirdi. Tikintinin təxminən 30 min rubla başa gələcəyi gözlənilirdi. Əvvəlcə, işlər sürətlə getsə də, sonradan ləngimələr başladı. Nəhayət, 1883-cü il noyabrın 27-də teatr təntənəli surətdə açıldı və ilk dəfə N.A.Potexinin “Ruhən yoxsullar” tamaşası oynanıldı.

 

Uğursuzluqlar tarixçəsi

 

Açılış ilə iş bitmədi. Bina təhvil verilən zaman planlama, quraşdırma və yanğın əleyhi baxımından xeyli nöqsan aşkar edilmişdi. 1884-cü ildə şəhər idarəsinin müvafiq komissiyası yenidən teatr binasındakı qüsurları diqqətə çatdırdı və Tağıyev düzəlişlərə başlamaq barədə göstəriş verdi.

1891-ci ildə Tağıyevin oğlu Sadıq Tağıyev binanın sərəncamçısı təyin edildi və bina onun rəhbərliyi altında təmir edildi: dəhliz və tamaşa salonunun divarlarının rəngi dəyişdirildi: ağ divarlar qızılı çalarlı göyümtül qırmızı rəngə boyadıldı, bufet üçün yer ayrıldı. Ən vacib məqam! Teatra elektrik xətti çəkildi, təkcə içəri yox, binanın giriş qapıları da küçə tərəfdən elektrik fənərləri ilə işıqlandırılmağa başlandı. Əvvəllər bina şam ilə, 1891-ci ildən isə qazla işıqlandırılırdı. Binaya ara-sıra əl gəzdirilsə də, təməlli təmir olunmurdu. Tağıyev isə bərpa və yenidənqurma işlərinə başlatmaq əvəzinə bu binadan qurtulmaq fikrinə düşmüşdü. Binanın söküləcəyi tarix bəlli olan kimi bir qisim sahibkar “Nümunəvi teatrın tikilməsi üçün yoldaşlıq cəmiyyəti” qurdular. Qərara alındı ki, indiki Muzey mərkəzinin yerində teatr binası tikilsin.

Söz-söhbət çox, əməl az olduğundan Tağıyev teatr binası sahibi olmaq şansını itirmək istəmirdi. 1898-ci ildə yeni layihənin hazırlanması və bütün işlərə nəzarət mülki mühəndis P.İ.Koqnovitskiyə həvalə edildi. Lakin o, layihədəki heç bir nöqsanı aradan qaldırmadı və köklü dəyişiklik etmədi. Bu zaman Tağıyev cavan polyak memar İosif Qoslavskini işə cəlb etdi. Müqəddəs Aleksandr Nevski kilsəsinin tikintisini yenicə bitirmiş iddialı və istedadlı memar həvəslə işə başladı. Onun verdiyi layihəyə görə binada nəzərəçarpacaq dəyişikliklər edildi, salondakı oturacaqların sayı yeni loja yarusunun və səhnə ilə üzbəüz iki yaruslu balkonun tikilməsi sayəsində 1200-dək artırıldı. Akustika və orkestr çökəyi də təzədən quruldu. Parterin döşəməsinə maillik artırıldı. Foye, bufet və qrim otaqları da unudulmadı. Texniki məqamlar da nəzərə alınmışdı: işıqlandırma, istilik və ventilyasiya işləri görüldü. Teatrın yenidən qurulmasına Tağıyev 80 min rubl xərcləmişdi.

 

Hər şey yaxşı gedirdi…

 

1899-cu ilin sonuna yaxın teatr binasında bütün işlər tamamlandı. 1902-1903-cü illərdə teatrda daimi direksiya yaradıldı. Fərdi icarədarlar dövrü bitdi və yeni rəhbərlik teatrın icarəyə verilməsi, binada cari təmir və yenidənqurmalar ilə məşğul olurdu.

30 noyabr 1906-cı il tarixli “Baku” qəzeti yazırdı: “Tezliklə müsəlman qadınları da Tağıyev teatrında tamaşaya baxa biləcəklər. Müsəlman dram truppasının Tağıyev teatrında tatar (Azərbaycan – müəl.) dilində verdiyi tamaşaları rahat seyr edə biləcəklər. Bu məqsədlə lojaların yan və ön tərəflərindən tül pərdə asılacaq”.

Şəhərin yeganə teatr binası tamaşaçı tərəfindən korluq çəkmirdi. Binanın səhnəsi, orkestr çökəyinin olması həm musiqili, həm də dramatik tamaşalar göstərməyə imkan verirdi. İlk operamız – Üzeyir bəyin “Leyli və Məcnun” əsəri 1908-ci il yanvarın 8-də bu burada oynanılmışdı. Amma binanın başından bəla əskik olmurdu. 1909-cu il fevralın 21-də teatrda bədbəxt hadisə baş verdi: binada yerləşən bərbərxanadan başlayan yanğın bütün binanı bürüdü. Yanğın söndürüləndən sonra məlum oldu ki, binaya böyük zərər dəyib və onun sığortası yox imiş.

Binanın sahibi yalnız bir neçə aydan sonra teatrın taleyi ilə bağlı suallara aydınlıq gətirdi: bina bərpa olunacaq və onun təklif etdiyi layihəyə görə tamaşa salonu artıq iki yox, üçmərtəbəli olacaq ki, bununla da salondakı oturacaqların sayı 600 ədəd artacaq. Tağıyev belə istəyirdi.

Artıq 1910-cu il oktyabrın 1-də yenilənmiş teatr pərdələrini açdı. Tamaşaçılar təkcə tamaşadan (L.N.Tolstoyun “Maarifçiliyin bəhrəsi” pyesi oynanılmışdı) yox, əsas fasadı genişlənmiş, divarları bir qədər hundürləşmiş, səhnəsi böyümüş, texniki işıqlandırması, foye və bufetinin planı dəyişmiş binadan da razı qaldılar.

1918-ci il fevralın 1-də teatr binası yenidən yandı: küçədə baş verən atışmanın fəsadı olaraq binadakı bütün taxta detallar alışdı. Təkcə daş və dəmir-beton karkası salamat qalan binanın görkəmi ürək sızladırdı. Mütəxəssislər qərar çıxardılar ki, binanı dörd ay ərzində bərpa etmək olar. Bərpa etmək olardı, amma siyasət meydanında baş verənlər teatr binasının taleyini arxa plana atdı.

 

Sağ olsun Zivərbəy ki…

 

Teatr binası bir də sovetləşmədən sonra, 1921-ci ildə yada düşdü. Bərpa layihəsini ilk peşəkar memarlıq təhsili almış milli kadr, sovet dövründə Bakının ilk baş memarı olmuş Zivərbəy Əhmədbəyov hazırlayır. O, binanı sıfırdan layihələndirsə də, fasada və Qoslavskinin etdiyi əlavələrə toxunmadı.

Tağıyevin qızı Sara xanım xatirələrində yazırdı ki, bir dəfə onların Mərdəkandakı bağına xalq maarifi komissarı Dadaş Bünyadzadə iki mühəndislə qonaq gəlir. Onlar teatrın bərpası ilə bağlı Hacı ilə söhbət edir, onun fikirlərini öyrənirlər. O da məsləhətini əsirgəmir.

Nəhayət, 1922-ci il yanvarın 17-də yenidən tikilmiş teatr binasının təntənəli açılışı olur. Hüseynqulu Sarabski, Mirzəağa Əliyev və Sidqi Ruhulla bütün əmlakından könüllü imtina etmiş, bağ evinə sığınmış Hacının yanına gəlib, onu bir zamanlar tikdirdiyi binanın yenidən açılışına dəvət edirlər.

Açılış gününün şahidlərinin xatirələrinə görə, nəinki tamaşa salonu, binanın foyesi da ağzına kimi doluymuş. Ölkəsi, xalqı üçün böyük işlər görmüş ahıl mesenat öz lojasında görünən kimi toplaşanlar “Çox sağ ol, Hacı, çox yaşa, Hacı!” deyərək ayaq üstə sürəkli alqışlayırlar. Səmimi qarşılanmadan riqqətə gələn Tağıyevin gözləri dolur, minnətdarlıq jesti olaraq əlini ürəyinin üstünə qoyaraq alqış səslərinin kəsilməsini gözləyib deyir: “Mən çox şadam ki, bir vaxtlar xalqım üçün tikdiyim teatr binasını xalq bərpa edib”.

Həmin gün artıq bu teatrda daimi məskunlaşan Azərbaycan Dövlət Dram Teatrı M.F.Axundzadənin “Hacı Qara” tamaşası ilə mövsümü açır.

Sonrakı illərdə adı dəfələrlə dəyişdiriləcək indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1960-cı ilədək Tağıyev teatrında məskunlaşacaq, sonra yeni binasına köçəcəkdi. Tağıyev teatrının binası isə Musiqili Komediya Teatrının (bugünkü Akademik Musiqili Teatr) kollektivinə veriləcəkdi.

 

Ləmbəranskinin “son nəğməsi”

 

Tağıyev teatrının binası 1980-ci illərin sonuna yaxın dağılmağa başladı. Əvvəla, xeyli yaşı var idi və sovet hakimiyyəti illərində əsaslı təmir edilməmişdi. Bina artıq təmirolunmaz hala gəldiyindən 1992-ci ildə onu söküb yerində təzə bina tikmək barədə qərar qəbul edildi.

Həmin söküntü işləri aparılan vaxtlarda Azərbaycan Televiziyası Musiqili Komediya Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nəsibə Zeynalova haqqında veriliş hazırlamışdı. Həmin verilişdə belə bir kadr vardı: Nəsibə xanım teatra bitişik binadakı mənzilinin eyvanından söküntü işlərinə, xarabalığı xatırladan binaya baxır və göz yaşı tökür. Səhnədə, ekranda yaratdığı obrazların əksəriyyəti göz yaşı axıdılacaq situasiyalardan uzaq olsalar da, Nəsibə xanım ilk dəfə idi ki, tamaşaçı qarşısında özü kimi ağlayırdı. Belə lirik xatırlatmadan sonra yenidən faktlara qayıdaq.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra binanın taleyinə gün doğdu. Tağıyev teatrının tikilməsinə rəhbərlik Azərbaycanın böyük ziyalısı, bir nömrəli inşaatçısı kimi tanınan Əliş Ləmbəranskiyə həvalə edildi. 1998-ci il oktyabrın 10-da yenidən tikilmiş sənət məbədi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası ilə bir daha sənətsevərlərin ixtiyarına verildi. Açılışda Prezident Heydər Əliyev də iştirak etdi.

 

Son dövrün teatr məkanı

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nda teatrların təmir-bərpa işlərinə də geniş yer ayrılmışdı. 2010-cu ildə Musiqili Komediya Teatrının tarixi binası təmirə bağlandı.

Binanın fasadı köhnə daş üzlükdən təmizləndi və aqlay (gülbax) daş örtüklə üzləndi. Bütün pəncərələr bütöv ağac parçalarından hazırlandı. Binanın istilik və ventilyasiya avadanlıqları üçün mansard tipli 6-cı mərtəbənin layihəsi cızıldı və tikildi. Dəmir-beton və metal konstruksiyalar gücləndirildi. Binadakı ornamentlər, əsas pilləkənlər, onların məhəccərləri İtaliya mərmərindən yığılıb. Akustik panelllər, onları bəzəyən mürəkkəb formalı yapma bəzəklər İtaliyanın “Sadi” şirkətində məxsusi olaraq bizim teatr üçün hazırlanıb. Teatrdakı bədii işləmələr İtaliyanın “Robertadoripuddu Studio” şirkəti tərəfındən yerinə yetirilib.

Budəfəki təmir təkcə binanın hər cür fəlakət və bədbəxt hadisələrə davamlılığını artırmaq, binanın interyer və eksteryerini gözəlləşdirməklə kifayətlənmədi. Yeni texnologiyaların tətbiqi nəticəsində binanın və səhnənin texniki imkanları xeyli genişləndirildi. Məsələn, tamaşaçılar üçün nəzərdə tutulan zonalarla divar və tavanların bərpasında akustik – səsi təcrid edən və əks etdirən panellər quraşdırıldı.

Tamaşa salonunda seyrçilərin səhnəni daha rahat seyr etməsi üçün bir sıra dəyişikliklər edildi. Parterdəki oturacaqların sayı 302-dən 160-a endirildi, əvəzində isə benuar lojalarında, hər tərəfdəki kuponlarda yerlərin sayı artdı, parterə 19 yerlik mərkəzi loja artırıldı. Salona bəzək verən çilçıraq stasionar vəziyyətdə qalırdısa, yeni çılçıraq tamaşa zamanı büsbütün tavana yığılır ki, bu da projektorların səhnəni işıqlandırmasına mane olmur.

Fırlanan səhnə dairəsinin diametri 9,5 metrdən 10,5 metrə çatdırıldı, 4 qaldırıcı qurğu və 1 çökəklə təmin olundu. Dekorasiya və aktyorları qaldırmaq üçün istifadə edilən ştangentlərin sayı 40-dan 48-ə çatdırıldı. Üç il ərzində teatr binasında aparılan təmir və bərpa işlərində İtaliya mütəxəssisləri çalışdılar.

Nəhayət, 18 aprel 2013-cü il tarixində bina təmir-bərpadan sonra istifadəyə verildi. Teatrın təntənəli açılış mərasimində Prezident İlham Əliyev iştirak etdi.

...Ölkəmizdə keçirilən beynəlxalq miqyaslı sənət tədbirlərinə, qastrola gələn əcnəbi kollektivlərə qucaq açan, müasirliyi və qədimliyi özündə üzvi şəkildə birləşdirən Tağıyev teatrı paytaxtımızın üzünü qonaq qarşısında ağardan məkanlardan biridir. Dəfələrlə yanğınlardan çıxmış bina dözüm və gözəlliyinə görə “simurq quşu” misallı memarlıq abidəmizdir...

Gülcahan Mirməmməd

P.S. Teatr binalarımızın tarixinə ekskurslarımız davam edəcək.