Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1998-ci il 15 may

 

Prezident Heydər Əliyev Rusiyanın məşhur rəssamı Nikas Safronovun R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən sərgisinin açılışında nitq söyləyib.

“...Uzaq keçmişdə Azərbaycanın təsviri sənəti öz ifadəsini milli sənətdə, miniatür sənətində tapmışdır. Biz fəxr edirik ki, bizim Sultan Məhəmməd kimi dahi rəssamımız var. O, beş yüz il bundan əvvəl misilsiz miniatür sənəti əsərləri yaratmışdır. Lakin, bununla bərabər, biz şadıq ki, Azərbaycan rəssamları Avropa rəngkarlıq məktəbinə də yaxınlaşmışlar. XX əsrdə Azərbaycanda belə güclü rəngkarlıq əmələ gəlmişdir və rəngkarlarımızın əsərləri nəinki Azərbaycan muzeylərini bəzəyir, eləcə də Azərbaycan incəsənətini dünyada layiqincə təmsil edir. Bütün bunlarda Rusiya rəngkarlığının göstərdiyi təsirin böyük əhəmiyyəti var. Mən şübhə etmirəm ki, Nikas Safronov Azərbaycanda, Bakıda bu sərgisi ilə öz məşhurluğunun səviyyəsini daha da qaldıracaqdır. Bu imkandan istifadə edərək mənim portretimi çəkdiyinizə görə də sizə təşəkkür edirəm...”.

 

1998-ci il 17 may

 

Xalq rəssamı Tahir Salahovu qəbul edib.

 

1998-ci il 21 may

 

Yazıçılar Birliyinin nümayəndə heyətini qəbul edib.

 

1998-ci il 22 may

 

Respublika Sarayında Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının konsertinə tamaşa edib.

 

1998-ci il 23 may

 

Bir qrup ədəbiyyat xadiminə “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarının verilməsi haqqında fərman imzalayıb. Xalq yazıçısı adı alanlar: Anar, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Elçin, Hüseyn İbrahimov, Yusif Səmədoğlu, Əkrəm Əylisli (2013-cü ildə fəxri addan məhrum edilib).

Xalq şairi adı alanlar: Hökümә Billuri, Fikrət Qoca, Söhrab Tahiri.

 

1998-ci il 24 may

 

Prezident Sarayında “İmperiya Rus Baleti” ansamblının bədii rəhbəri, əfsanəvi balerina Mayya Plisetskaya ilə görüşüb.

“...Həmişə istəyirdim ki, siz Azərbaycanda çıxış edəsiniz, lakin bu, hətta SSRİ-də yaşadığımız vaxtlarda da mümkün olmurdu. İndi, biz müxtəlif dövlətlərdə yaşadığımız bir vaxtda siz Bakıya gəlmisiniz. Mən bunu çox yüksək qiymətləndirir və sizə təşəkkür edirəm... Bizdə yaxşı balerinalar çoxdur. Onların arasında Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva və başqaları var. Lakin çox istərdim ki, balet sənətinə imkan daxilində daha çox istedadlı adamlar yiyələnsin, yeni adlar meydana çıxsın... Buna görə də 70-ci illərin ortalarında Bakıda balet məktəbi kompleksi tikdirdim. İndi, respublikaya yenidən rəhbərlik etdiyim vaxtda Azərbaycan baleti yenidən dirçəlməkdədir...”.

“İmperiya Rus Baleti” ansamblının Respublika Sarayında keçirilən konsertindən sonra Mayya Plisetskaya və ansamblın yaradıcı kollektivi ilə bir daha görüşüb, təqdim olunan gözəl proqrama görə təşəkkürünü bildirib.

 

1998-ci il 26 may

 

Prezident iqamətgahında ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin bir qrupuna “İstiqlal” ordeninin təqdimetmə mərasimində nitq söyləyib.

“...Biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyini bayram edirik... Azərbaycan müstəqil bir dövlət kimi öz atributlarını yaradıbdır. Dövlət atributlarından biri də müstəqil Azərbaycanın dövlət mükafatlarıdır... Azərbaycanın bir neçə ordeni vardır. Onlardan ən yüksəyi Azərbaycanın “İstiqlal” ordenidir.

Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizələr müxtəlif yollarla gedibdir. Ancaq Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz xidmətlər göstəribdir. Çünki əgər biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük nailiyyətlərdir. Millət birinci növbədə bu amillərə görə millətliyini təsdiq edir, millət olur və millət kimi tanınır... Məhz buna görə də təsadüfi deyil ki, “İstiqlal” ordeni ilə ilk təltif olunanlar xalqımızın yazıçıları, şairləri, mədəniyyət, incəsənət xadimləridir...”.

***

Mərasimdən sonra Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına gələrək burada müalicə olunan bəstəkar Tofiq Quliyevə “İstiqlal” ordenini təqdim edib.

Xəstəxanada müalicə olunan Xalq yazıçısı Yusif Səmədoğlu ilə də hal-əhval tutub, onu Xalq yazıçısı adı almağı münasibətilə təbrik edib. Xəstəxanaya gəlmiş bir qrup ədəbiyyat və incəsənət xadimləri ilə də söhbət edib.

 

1998-ci il 27 may

 

Respublika Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitq söyləyib. Cümhuriyyətin görkəmli xadimlərinin qohumları ilə görüşüb.

 

1998-ci il 1 iyun

 

“Qönçə-98” uşaq musiqi festivalı qaliblərinin yekun konsertində çıxış edib.

 

1998-ci il 11 iyun

 

Şair Mikayıl Müşfiqin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

Xalq yazıçısı İsa Hüseynovu 70 illik yubileyi, Xalq artisti Hacıbaba Bağırovu 65 illiyi münasibətilə təbrik edib.

 

1998-ci il 13 iyun

 

Görkəmli musiqiçi Mstislav Rostropoviçə “Şöhrət” ordeninin təqdim olunması mərasimində nitq söyləyib. Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Mstislav Rostropoviçin konsertinə  tamaşa edib.

 

1998-ci il 14 iyun

 

Görkəmli səhnə ustası və pedaqoq Xalq artisti Mehdi Məmmədovun 80 illik yubileyi ilə əlaqədar sərəncam imzalayıb.

Xalq artisti, bəstəkar Hacı Xanməmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib.

Hazırladı: V.Orxan

(davamı var)