Bəstəkarın simfonik musiqiləri səslənib

 

Noyabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib.

Filarmoniyadan bildirilib ki, gecədə Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solistlər – Əməkdar artistlər Ramil Qasımov (tenor) və Nərgiz Kərimova (soprano) bəstəkarın əsərlərini dinləyicilərə təqdim ediblər.

Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, beş simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, yüzlərlə mahnı və instrumental musiqinin müəllifidir.

Filarmoniyadakı yaradıcılıq gecəsində bəstəkarın əsasən simfonik musiqiləri səslənib.