Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sankt-Peterburqda klassik musiqi gecəsi təşkil edilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu və Tavriya sarayının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında “Tavriya” simfonik orkestrinin müşayiəti ilə Əməkdar artistlər Elnarə Məmmədova, Regina Rüstəmova, Mariinski Teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulovun ifasında Azərbaycan və Rusiya bəstəkarlarının əsərləri səslənib.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Azərbaycan diasporunun, yerli dövlət orqanlarının və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Yalçın Adıgözəlov qeyd edib ki, Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevi çox yaxşı xatırlayırlar. “Onların bəziləri həyatdadır və mən onların bir neçəsi ilə görüşdüm, xatirələrimizi bölüşdük. Tavriya sarayının möhtəşəm salonunda Heydər Əliyevin yubileyi şərəfinə gecədə iştirak etmək mənim üçün böyük şərəfdir”, –  deyə dirijor bildirib.