“Mavi kart” əldə etmək asanlaşıb

 

Almaniyada yeni miqrasiya qanununun bir neçə maddəsi qüvvəyə minib. Artıq bu ölkədə “mavi kart” əldə etmək xeyli asanlaşıb. Bunun üçün tələb olunan minimum illik əməkhaqqı 43800 avroya endirilib. Əvvəllər Almaniyada illik ən azı 58400 avro əməkhaqqı olan iş tapanlar “mavi kart” əldə edə bilərdilər. Daha çox tələb olunan peşələr (riyaziyyatçılar, mühəndislər, həkimlər, IT mütəxəssisləri) üçün isə həmin məbləğ 39683 avroya qədər azaldılıb.

“Mavi kart” almaq istəyənlər üçün alman dilini bilmək tələbi də aradan qaldırılıb. Eyni zamanda, “mavi kart” sahibləri qazancları imkan verəcəyi təqdirdə təkcə uşaqlarını deyil, yaşlı valideynlərini də Almaniyaya gətirə biləcəklər.

Orta ixtisas və ali təhsilli əmək miqrantlarına müvəqqəti yaşayış icazəsinin və işləmək hüququnun verilməsi qaydalarında da dəyişiklik edilib. İndi bunun üçün tələb olunan bütün meyarlara cavab verəcəyi təqdirdə onların viza və müvəqqəti yaşayış icazəsi almaq hüququ olacaq.