Milli Dirçəliş Günü (17 noyabr) münasibətilə yerlərdə müxtəlif səpkili tədbirlər təşkil edilib.

Qax rayon Heydər Əliyev Mərkəzi rayon Gənclər və idman sektoru ilə birgə “Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlar” başlığı altında tədbir keçirib. Tədbirdə əlamətdar günün tarixi haqqında məlumat verilib. Sonra “Dirçəliş ideologiyası” adlı film nümayiş etdirilib.

***

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində “Azadlıq uğrunda mübarizə” adlı tədbir təşkil edilib. Çıxışlarda 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində misilsiz xidmətlərindən, ölkəmizin sürətli inkişafından bəhs edilib.

Tovuz rayon aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbində “Birliyimizin sübutu günü” adlı tədbir keçirilib. Bildirilib ki, 1988-ci ilin noyabrında yüz minlərlə soydaşımız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Qarabağda törətdiyi təxribatlara və Sovet İttifaqı rəhbərliyinin bu məsələdəki ikili siyasətinə etiraz olaraq Bakıda, indiki Azadlıq meydanına toplaşıb. Kütləvi aksiyalar dekabrın 4-dək davam edib və milli azadlıq hərəkatına çevrilib. 1992-ci ildən 17 noyabr tarixi ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd edilir.

Ağstafa Dövlət Rəsm Qalereyasında “Milli Dirçəliş Günü” başlıqlı tədbirdə rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Milli tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib. Çıxışlarda əlamətdar günün əhəmiyyəti haqqında fikirlər səsləndirilib.

Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində də Milli Dirçəliş Günü ilə bağlı tədbirlər təşkil olunub.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən oxu zalında “Tarixin ən güclü Azərbaycanı” adlı tədbir keçirilib. Qeyd olunub ki, xalqımız artıq üçüncü ildir ki, Milli Dirçəliş Gününü qürurla qeyd edir. Bu günün qeyd olunması bütün Azərbaycan xalqının mənəvi haqqıdır. Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib, “17 Noyabr Milli Dirçəliş Günüdür” adlı kitab sərgisinə baxış olub.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şahmat Məktəbi ilə birgə Milli Dirçəliş Günü münasibətilə məktəblilər arasında “Qurtuluşa gedən yol” adlı şahmat turniri keçirilib. Turnirin məqsədi məktəblilər arasında vətənpərvərlik və milli qəhrəmanlıq ruhunun aşılanması, sağlam həyat tərzinin, əzmkarlığın təbliğ edilməsidir.

Turnirdə Lənkəran şəhər R.Məmmədov adına 5 saylı tam orta məktəbin şagirdi Ülvi Əzizov I, H.Aslanov adına 3 saylı tam orta məktəbin şagirdi Ələşrəf Nemətli II, Q.Zeynalov adına Darquba kənd tam orta məktəbinin şagirdi Fuad Əbilzadə isə III yerə layiq görülüb. Qaliblər Heydər Əliyev Mərkəzinin diplomları ilə mükafatlandırılıb.

***

Cəbrayıl rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Fuğanlı kənd klubunda “Ayağa dur, Azərbaycan!” adlı tədbir keçirilib. Qeyd olunub ki, Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisədir. Ölkəmiz müstəqilliyinin ilk illərində bir çox çətinliklərlə üzləşsə də, Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə, onun müdrikliyi, dövlətçilik təfəkkürü sayəsində gənc respublikamız tarix səhnəsindən silinmək təhlükəsindən qurtulub, davamlı inkişaf yoluna çıxıb.

Sonra mədəniyyət işçilərinin ifasında musiqilər səsləndirilib, məktəblilər tərəfindən şeirlər və kompozisiyalar təqdim edilib.

Nurəddin Məmmədli