Varşava Etnoqrafik Muzeyində Azərbaycanın Polşadakı Səfirliyi, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimat mərasimi və konfrans keçirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr olunan “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabında Qarabağın tarixi ilə bağlı çar Rusiyası dövründən toplanan və əvvəlcə Tiflisdəki Qafqaz Canişinliyinin arxivlərində, sonra isə Gürcüstan Milli Muzeyində saxlanılan qiymətli fotomateriallar yer alıb. İndiyədək bir sıra ölkələrdə təqdim olunan nəşr Azərbaycanın mədəni irsinin, xüsusilə Qarabağ xanlığı dövründəki mədəni irsin dünyada tanıdılması istiqamətində çox mühüm əsərdir.

Təqdimatdan öncə Varşava Etnoqrafik Muzeyinin foyesində “Qarabağ xanlığı: Qarabağın mədəni irsinin inciləri” adlı sərgi keçirilib. Sərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövləti Qarabağ xanlığına (1747-1822) aid artefaktların fotoreproduksiyaları nümayiş etdirilib.

Konfransda muzeyin direktoru Maqdalena Vroblevska və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova açılış nitqi ilə çıxış ediblər. İngilis, fransız və ispan dillərində işıq üzü görən nəşrin həm Polşa, həm də Avropa ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində Azərbaycanın mədəni irsi haqqında geniş təsəvvürün formalaşmasında mühüm rol oynayacağı nəzərə çatdırılıb.

Roma Sapienza Universitetinin araşdırmaçısı Daniel Pommier Vinçellinin moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan Milli Muzeyinin şef kuratorun müavini Tebrone Nadiradze və Vitold Pileçski Həmrəylik İnstitutunun əməkdaşı, antropoloq Jerji Rahoçinski alban mədəniyyətinə aid olan mədəni artefaktların süni şəkildə erməniləşdirilməsini, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini xüsusi vurğulayıblar.

Müzakirələrə yekun vuran və əsas çıxışçı qismində məruzə edən ABİA-nın sədri Elçin Əsgərov XIX əsrdə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən danışıb. O, albom-kitabda əks olunan rəsmlərdən misal gətirərək, faktlara söykənərək Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid olduğunu diqqətə çatdırıb.

Sonda “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.