Görkəmli teatr rejissoru Tofiq Kazımovun (1923-1980) 100 illik yubileyi münasibətilə Akademik Milli Dram Teatrında vaxtilə sənətkarın quruluş verdiyi və geniş rezonans doğurmuş “Sənsiz” tamaşası yenidən səhnəyə qoyulub. Şıxəli Qurbanovun pyesinə bu dəfə gənc rejissor Nihad Qulamzadə quruluş verib. Noyabrın 16-da premyerası olan tamaşa artıq teatrın repertuarında yer alıb.

Premyera günü tamaşaçılar öncə teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin Tofiq Kazımov haqqında hazırladığı qısa sənədli filmi izlədilər. Tofiq Kazımovun Azərbaycan teatr sənətindəki roluna, rejissor dəst-xəttinə və üslubuna xüsusi incəlik və dəqiqliklə münasibət bildirən Mehriban Ələkbərzadə yeni tamaşanın rejissoru, rəssamı və bəstəkarının bu teatrda ilk işləri olduğunu qeyd edərək, onlara bu çətin yolda sənət uğurları arzuladı. Bildirdi ki, vaxtilə özünəməxsus teatr islahatları ilə sənətdə iz qoymuş Tofiq Kazımovun 100 illik yubileyi də məhz bu cür yeniliklərlə yadda qalmalı idi...

“Sənsiz” tamaşasının bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq rəssamı Rafael Vaqifoğludur. Tamaşada Füzuli Hüseynov (Tərlan), Mehriban Zəki (Sevinc), Elsevər Rəhimov (Tərlan gənc yaşında), Lalə Süleymanova (Sevinc gənc yaşında), İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad) maraqlı oyun tərzi sərgilədilər. 

Rejissor tamaşadakı bütün hadisələri Sevinclə Tərlan üzərində qurub. Onların nakam məhəbbəti, bu eşqin onlara verdiyi mənəvi iztirab, gec də olsa bir-birlərinə qovuşmaları əsərin süjet xətti boyu davam edir.

Tərlan geoloqdur və kəşf etdiyi yeri dövlətdən gizlətdiyi üçün həbs edilib. Tərlan kəşf etdiyi yerin filizlə zəngin olduğunu bilsə də, bunun insanlığa vuracağı böyük zərbənin də fərqindədir. Ona görə də bəşəriyyəti, insanlığı düşünüb, öz kəşfini hər kəsdən gizlədir, bir tək Sevincdən savayı. Sevinc də bu sirri heç kimə açmayacağını söyləyib, susur...

Lakin Tərlanın bu kəşfindən xəbər tutan Fərhad onun geoloji tapıntısını dövlətə çatdırır, Tərlan 18 illik sürgünə məhkum edilir.

Fərhad belə zənn edir ki, bu kələklə nəinki Tərlanın vəzifəsinə, adına, hətta sevdiyi Sevincə də sahib olacaq. Amma və lakin...

Sevinc xaraktercə təbiəti andırır. O, sevmədiyi insanlara qarşı qaya kimi sərt, buz kimi soyuq olduğu halda, dostlarına qarşı səmimi, vicdanlı, vəfalı və mərhəmətlidir. O, Fərhadın riyakarlığını hiss etsə də üzə vurmur. Fərhadla danışarkən soyuq ədası, danış tərzi, qəzəbli duruşu ilə aradakı “məsafə”ni daha da uzadır. Fərhadın eşqini dilə gətirməsinə imkan vermədən, Tərlanı hələ də əvvəlki gənclik eşqi və çılğınlığı ilə sevdiyini söyləyir.

18 illik həsrətdən sonra vətənə qayıdan Tərlan Sevinclə Fərhadın görüşdüklərini görür, onların arasındakı yaxın münasibətlərdən şübhələnir, gizlənərək gecə-gündüz Sevinci güdür. Eyni zamanda Sevinclə üzləşməkdən ehtiyat edərək onun kölgəsinə çevrilir. Hər addımda Sevinci izləsə də, üzə çıxmağa cəsarət etmir.

Rejissor tamaşanın bu yerində Tərlanla Sevincin ruh halını zülmət gecə, yağış damcıları, həzin musiqi ilə təsvir edir. Tərlanla Sevinc öz qaranlıq guşələrinə çəkilərək, hər kəsdən gizlin, həsrətlə hər yerdə “bir-birlərini” axtarırlar...

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam...
İpək saçlarını bir vaxt oxşayan,
Elə bil hardasa mən olmamışam...
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni...

Fərhadın filiz yatağı olan Kiçik təpə üzərində apardığı araşdırmaların nəticəsiz olduğunu görən Tərlan ona kömək edərək təpənin sirrini açır. Bir-birindən ayrılmış daş parçalarını  öz yerinə oturdaraq Fərhadı heyrətə gətirir. O, Fərhadla Sevincin “xoşbəxt” olmalarını “istəyir” və sui-zənlə gəldiyi nəticələrlə özünü aldatmağa çalışır...

Əslində, bir-birindən ayrılmış bu daş parçaları Sevinclə Tərlandır. Bütün sirlər Tərlanla Sevincin qovuşması ilə açılıb ifşa edilməlidir. Rejissorun mizan kimi istifadə etdiyi oturacaqlar, bəzi məqamlarda qoruyucuya, bəzənsə təpənin özünə çevrilir.

Sevinc Tərlana qovuşmaq üçün Kiçik təpənin sirrinin açılmasını istəyir. Fərhad Tərlanın köməkliyi ilə Kiçik təpənin sirrini açır. Ancaq vicdanı ona bu “şərəfsizliyi” boynuna götürməyə macal vermir. Fərhad Tərlanı tanıyır, onun izinə düşərək, geriyə, evinə qayıtmasını istəyir...

Tərlanla Sevinc hərəsi bir xəyalla çıxdıqları yolda qovuşurlar...

***

Tamaşada insanın hissi, düşüncə və daxili təbəddülatı bütün təfərrüatı ilə ön plana çəkilib. 37-ci il repressiya qurbanlarının, müxtəlif əyalətlərə sürgün edilmiş insanların, dağılmış ailələrdən geriyə qalanların təsviri obrazların timsalında tamaşaçılara təqdim edilir.

Mehriban Zəkinin ifasında Sevinc möhkəmdir, güclüdür, qorxmazdır, iradəlidir, vəfalıdır. Onun ifasında Sevinc 18 il keçmişlə bu gün arasında yaşamağı bacaran, sevən və ümidlərinin qanadı ilə gələcəyə – Tərlana qovuşmağa çalışan qadındır.

Tamaşa boyu Sevinc 18 illik xatirələrini hər gün, hər saat xatırlaya-xatırlaya özünü ovundurur, Tərlanın gənclik xəyalları ilə dərdləşib, keçmişə qayıdır. Həyat onu bu illər ərzində sərtləşdirib, başı daşdan-daşa dəyib. Onu bu həyatda sevindirən, sevən, ümidləndirən, yaşamına güc verən yeganə varlıq Tərlandır. Fərhadla görüşündə sərt, məğrur duruşuyla, aralarına böyük sədd qoyan Sevinc, Tərlanın adı qarşısında acizləşib, yumşalır, içindəki qadın incəliyini istər-istəməz büruzə verir.

Füzuli Hüseynovun ifasında Tərlan illərin ağır sınaqlarından çıxmış, hər bir hadisəylə üzləşməyə hazır olan “böyümüş”, “ümidlərini itirmiş” insandır. Tərlan Sevincin 18 il əvvəlki xəyalları ilə yaşayır. Tez-tez ürəyi sıxılanda, dara düşəndə Sevincin xəyalları ilə dərdləşib, rahatlıq tapır.

Tamaşada Sevinc-Tərlan, Maral-Fərhad münasibətləri ziddiyyətlər məcmusudur. Əgər Sevinclə Tərlan bir-birini dəli kimi sevib, qovuşacaqları günün həsrətiylə yanıb-yaxılırlarsa, Maral Fərhadın, Fərhadsa Sevincin həsrətiylə hər cür hiylə, kələyə əl atır. Fərhadla Sevincin qovuşması üçün qadının bircə kəlmə “hə” deməsi kifayət etsə də, Sevinc öz sevgisinə sadiq qalaraq, nə Tərlana, nə də onun xəyallarına xəyanət edir. Maral da Fərhadın bircə “hə” kəlməsini eşitməyə həsrət qalaraq, bu eşqdə uduzur. O öz uğursuz taleyinin səbəbkarı kimi Sevinci qınayıb, onunla dalaşır. Ancaq Sevincin ona göstərdiyi nəvazişdən sonra Maral hər şeyi səhv başa düşdüyü üçün peşman olur.

Rejissor Sevincin və Tərlanın 18 illik ömrünü hər iki obrazın gənclik və yaşlı dövrünün təsviri ilə tamaşaçılara təqdim edir. 18 il əvvəlki Sevinc həyat dolu, nəşəli, qayğısız, dəcəl qızdırsa, 18 il sonra, dərdli, sərt, qayğı doludur. 18 il əvvəlki Tərlan gələcəyə ümidlə baxan nikbin gəncdirsə, 18 il sonra xəstə, ümidsizlik içində öz-özüylə mübarizə aparan, sevgidən məhrumdur.

Bu xüsusda rejissorun aktyor seçimi diqqəti cəlb edir. O, Sevinclə Tərlanı 18 illik dönəmdən keçirdərək, günümüzə qədər gətirib çıxartdığına görə, onların gənclik və yaşlı dövrlərini oynayan artistlərin istər ifa tərzini, istər həyata baxışlarını fərqli rakursdan həll etməli idi. Zənnimizcə, tamaşada buna nail olunub.

Rejissor-bəstəkar iş birliyini də uğurlu hesab etmək olar. Bəstəkarın tamaşanın janrına, rejissorun dəst-xəttinə uyğun yazdığı musiqi parçaları sanki hadisələrin bağrından qoparaq, bəzən hayqırır, bəzənsə susaraq, həzin-həzin obrazların ifasında əriyib, yox olur.

Rejissorla rəssamın iş birliyi də obrazların daxili aləmlərinə uyğun olaraq tünd, boz, dumanlı, burulğanlı, qarışıq tonların çarpazlaşması ilə həyata keçirilib. Tamaşada daha çox tünd rənglərdən, bulanıq tonlardan, solğun əşyalardan istifadə edilib... 

“Sənsiz” tamaşası Nihad Qulamzadənin rejissor kimi ilk böyük səhnə işidir. Bu tamaşada o, bəzi məqamlarda öz ustadı Mehriban Ələkbərzadəni xatırladır. Onun quruluşundakı üsyankarlıq, əyilməzlik, qətilik – Mehriban Ələkbərzadə üslubuna xas məqamlardır. Necə deyərlər, görünən dağa nə bələdçi...

Tamilla Əliyeva
teatrşünas