Adını Şekspirin Hamleti şərəfinə verib, taleyini bəlkə də əvvəldən müəyyən etdilər onun. Beləcə öz dünyasında özünü kral “elan edən” tənha cəngavər lap uşaqlığında bu yükün altında bir şahmat taxtasında gəzirmiş kimi xana-xana dolaşdı. Amma heç vaxt onu heç kim “mat” qoya bilmədi. Ta öz sonunu özü ən birinci qəbul edib, tənhalığa çəkilənə qədər. Yəqin bu da “krallıq”dan, adını daşıdığı Hamletin aqibətindən qaçış üçün şahmat gedişi idi.

Şahmatı elə-belə qeyd etmədim. Sənət dostları, aktyor yoldaşları deyir ki, o, çox ağıllı, həssas, həddən artıq savadlı, erudisiyalı, ünsiyyətcil və bir o qədər də susqun adam olub. İndi təsəvvür elədiniz də?!

Yaşasaydı, 85 yaşını qeyd edəcəkdi Hamlet Qurbanov. Həyat onun üçün əla başlamışdı. İki böyük sənətkarın ailəsində doğulmuşdu. Fitri istedadı,  dərin dünyagörüşü və sənətə böyük məhəbbəti vardı. Amma...

Onun haqqında araşdırma edərkən qarşıma illər əvvəlin bir materialı çıxdı. O vaxt  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsində olan Həsən Turabov Hamlet Qurbanov haqqında belə deyir: “Onun teatrda yeri barədə soruşanda “Sevil” kinofilminin rejissoru Vadim Mixayloviç Qorrikerin Hamletə dediyi “Siz əgər öz qədrinizi bir qədər bilsəydiniz, nəinki Azərbaycanın və digər respublikaların, həmçinin bütün dünyanın ən məşhur aktyorlarından biri olardınız” sözlərini yadıma salıram. Mən onda da bu fikrə şərik idim, indi də. Hamlet teatrda “tıxsız balıq” kimi bir şeydir. Bu adamda heç kəsə qarşı rəqabət hissi yoxdur. Bir dəfə görməmişəm ki, işə geciksin. Heç vaxt gəlib öz haqqını da tələb eləməyib. Onun tələbləri qabiliyyətindən aşağıdır. Belə alicənablıq yalnız yüksək istedada malik adamlarda olur...”.

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovla opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub.

Sözsüz ki, uşaqlıqdan sənətə meyil edən, gözünü teatrda açan Hamlet səhnəyə bağlanır və 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) Mehdi Məmmədovun kursunu bitirir.

1957-ci ildən 1992-ci ilə qədər (xəstəliyi şiddətləndikdən sonra özü səhnəyə çıxmaq istəmir) Milli Dram Teatrında fərqli xarakterli rollar oynayır. Özü də irili-xırdalı fərqi qoymadan, hər birinə ayrıca bir xarakterik boy verərək yaddaqalan obrazlar yaradır.

Bu sayədə dövrün teatr tənqidçilərinin diqqətini cəlb etməyi bacarır, Doktor (“Şöhrət və ya unudulan adam”), Səlim bəy (“Qaçaq Nəbi”), Doktor Lalbyuz (“Dəli yığıncağı”), Şamxal (“Şəhərin yay günləri”), Karenin (“Canlı meyit”), Ferdinand (“Fırtına”), Ağahüseyn (“Büllur sarayda”), Cəmil (“Unuda bilmirəm”) kimi obrazları haqqında müsbət rəylər alır.

Hamlet Qurbanov kinoaktyor kimi də öz bacarığını sınaqdan keçirmək imkanı qazanır. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş 20-dək bədii filmdə, “Mozalan” kinojurnalının onlarla süjetində maraqlı, bir-birinə bənzəməyən, tamaşaçıda hər dəfə başqa bir aktyor tipajı təsəvvürü yaradan rollar oynayır.

Bundan başqa, Azərbaycan televiziyasının hazırladığı “Topal Teymur”, “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və digər tamaşalarda da onun unikal cizgi və oyun texnikası qismən də olsa açıla bilir.

Amma, məncə, bütün bunlara rəğmən onun aktyor istedad və bacarığı tam olaraq özünün səhnə-ekran ifadəsini, təəssüf ki, tapa bilmir.

Baxın, kütləvi tamaşaçı üçün Hamlet Qurbanov dedikdə, sözsüz ki, yada ilk olaraq “Topal Teymur” tamaşasında İldırım Bəyazid, “Dədə Qorqud” filmində Qıpçaq Məlik düşür. Əslində, bu, onun aktyor kimi səadəti olmaqla yanaşı, həm də bədbəxtliyidir. Niyə? Çünki bu qədər fərqli dramatik qəhrəman tiplərini bir oyun koordinatlarında toplamaq və onu tamaşaçı üçün tam təfsilatı ilə oynamaq elə də asan deyil. Dram janrının məziyyət və tələblərini yaxşı duyan, onun nəzəriyyəsi ilə realizəsi arasındakı psixo-emosional məqamları ustalıqla tutan aktyor kimi, deməli, yetəri qədər istifadə olunmayıb.

Dövrün tənqidçiləri onun teatr tamaşaları haqqında danışarkən daha çox “Dəli yığıncağı” tamaşasındakı doktor Lalbyuz üzərində dayanırlar. İngilis psixiatrının soyuqqanlı və axmaq təəssüratı, aldadıcı qayğıkeş həkim obrazına qatdığı orijinallığı qeyd edirlər. Hə, bir də böyük teatr rejissoru Tofiq Kazımovun quruluş verdiyi “Karıxmış sultan” tamaşasındakı Sultan. Həyatda da, sənətdə də öz prinsipləri, dönülməz gedişləri və özünə qarşı sərt tənqidi ilə seçilən, hətta bəzən amansız hesab olunan Hamlet Qurbanovun İldırım Bəyazidi  (“Topal Teymur” televiziya tamaşası) onun aktyor-insan paradiqması arasındakı çox dəqiq təsbitdir. Özünə “Mən xaraktersiz xarakterəm” deyən aktyor həm də onun haqqında gələcəkdə danışacaq adamlar üçün proqnoz verib.

Onun teatr, kino və televiziyada, dublyaj və radio-tamaşalarda – yəni yaradıcılığın ən fərqli qütblərində özünü realizəsi təsadüfi deyildi. Çünki o, kino üzrə də xeyli bilgiyə malik idi. Hətta bunun üçün yüksək ali təhsil almaq qərarına da gəlir. Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutuna üzü tutur. Qaynar həyata atılmağın bir addımlığında atasının qəfil ölüm xəbəri ilə yenidən həyatında qırılma yaranır, təhsilini saxlamalı, geri qayıtmalı olur...

Onun ağır, üzücü, bədəni ilə yanaşı ruhunu da məngənədə saxlayan xəstə halı üzərində çox dayanmaq istəmirəm. Heç əsl sənətkar üçün 57 yaşda əbədi susqunluğa (1995-ci ilin 16 noyabrında vəfat edib) da heyfsilənməyəcəm. Çünki bu müddətdə həyata, ölümə də, əslində, böyük hesabla qalib gəlmişdi. Üstəlik, ən ağır anında belə ölüm haqqında danışanlara gülümsəyərək “Ölüm gələr, ölərik” deyə-deyə. Yəni ölümə də, ölümünə də gülə-gülə baxıb.

Həmidə Nizamiqızı