Astara rayon Heydər Əliyev Mərkəzi və Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda viktorina keçirilib. “Azərbaycan” komandası I, “Liderlər” komandası II, “Öndər” komandası isə III yerə layiq görülüb. Qaliblərə fəxri fərmanlar təqdim olunub.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Gənclərin azərbaycançılıq ideologiyasına sadiq yetişməsində Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir təşkil edilib. Çıxışlarda azərbaycançılıq ideologiyasının Heydər Əliyevin gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu ən qiymətli sərvətlərdən biri olduğu vurğulanıb.

Masallı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbdə “Heydər Əliyev – böyük ömrün anları” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən, milli dövlət quruculuğu və müstəqilliyin əbədiliyinin təmin edilməsi üçün böyük tarixi əhəmiyyət daşıyan fəaliyyətindən söz açıblar.

Zaqatala Rayon İcra Hakimiyyəti, YAP Zaqatala rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda elmi-praktik konfrans keçirilib. Çıxışlarda Ulu öndərin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, Heydər Əliyevin həyatının amalını xalqımızın, ölkəmizin rifahı və tərəqqisi təşkil edib. Ulu öndərin siyasət kursu, dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nurəddin Məmmədli