İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən təxminən 5-6 kilometr Şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman qanunsuz qazıntı işlərinin aparıldığını müəyyən edib.

Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlardan inşa olunmuş tikinti qalıqlarının üstü açılıb. Ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək dağlıq relyefini nəzərə alaraq qanunsuz qazıntı işlərinin uzun müddət aparıldığını güman etmək olar.

Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.

Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcək.