Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 16-18 noyabr tarixlərində keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Teatrın direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov forum çərçivəsində teatr sənətinə həsr olunan paneldə çıxış edib, Sankt-Peterburq Aleksandrinsk Teatrının və Belarus Akademik Milli Teatrının rəhbərləri ilə görüşlər keçirib.

Bu barədə açıqlama verən İlham Əsgərov bildirib ki, zəngin tarixə malik Aleksandrinsk Teatrı ilə əməkdaşlıq Azərbaycan-Rusiya mədəni əlaqələrinə töhfə olacaq: “Teatrın direktoru Sergey Yemelyanovla 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələsini müzakirə edərək razılığa gəldik. Akademik Milli Dram Teatrı 2024-cü ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında iki tamaşa ilə çıxış edəcək. Aleksandrinsk Teatrı isə həmin ilin oktyabrında iki tamaşa ilə Bakıya qastrol səfərinə dəvət olunub”.

Akademik Milli Dram Teatrı eyni zamanda Belarus Akademik Milli Teatrı və Serbiya Respublikası Milli Teatrı ilə də əməkdaşlıq əlaqələri üzərində çalışır: “Azərbaycanın teatr tarixi, müasir teatr mühiti və tamaşalarımız onlar üçün maraqlıdır, dostluq və əməkdaşlıq etmək istəyirlər. Məqsədimiz Milli Dram Teatrını beynəlxalq teatr mühitinin ən vacib üzvünə çevirmək, dünyanın böyük teatrlarının yaxın tərəfdaşı etməkdir”.