Xəbər verdiyimiz kimi, 21-26 noyabr tarixlərində Bakıda, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Peterburq teatr mövsümü” keçirilir. Layihə Sankt-Peterburq Mədəniyyət Komitəsinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Bakıdakı Rus Evində bu münasibətlə mətbuat konfransı keçirilib. Media mənsublarının qarşısına “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Rusiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Pavel  Kuznetsov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, “Peterburq teatr mövsümü” festivalının direktoru Aleksey Smokotov, “Məzhəkəçi sığınacağı” teatrının aktyorları Zoya Buryakla Vladimir Krılov çıxıblar.

Diqqətə çatdırılıb ki, Rusiyanın şimal paytaxtının digər şəhərlər və mədəniyyət mərkəzləri ilə mədəni əlaqələrini qurmaq və inkişaf etdirmək məqsədi daşıyan festival bu il 17-ci dəfə təşkil olunur və layihə “Heydər Əliyev İli” çərçivəsində ilk dəfə Bakıya gəlib.

Qeyd olunub ki, Bakıya gətirilən tamaşaların seçimində daha bir əlamətdar hadisəyə ehtiram nəzərə alınıb. Paytaxtımızda göstəriləcək dörd pyesdən ikisi bu il 200 illik yubileyi qeyd edilən böyük rus dramaturqu Aleksandr Ostrovskinin qələmindən çıxıb.

***

Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında XVII “Peterburq teatr mövsümü”nün açılışı olub.

Teatrın foyesində “KUKFO – Kukla formatı” teatrının rəssam və ustalarının müxtəlif materiallardan düzəltdikləri kuklaların sərgisi açılıb.

İlk tamaşadan öncə Peterburqun qubernatoru, əslən Bakıdan olan Aleksandr Beqlovun təbrik  məktubu oxunub. Teatrın baş rejissoru Xalq artisti Aleksandr Şarovski və  festivalın bədii rəhbəri, Rusiyanın Əməkdar mədəniyyət işçisi Vladimir Minkov çıxış ediblər.

İlk iki gündə “Məzhəkəçi sığınacağı” teatrının quruluşunda A.Ostrovskinin “Balzaminovun evlənməsi” tamaşası göstərilib.

Noyabrın 23-də V.F.Komissarjevskaya adına Sankt-Peterburq Dövlət Akademik Dram Teatrı Polşa dramaturqu İnqmar Vilkvistin “Helverin gecəsi” tamaşasını təqdim edib.

Həftəsonu daha iki qonaq kollektiv – “Baltika evi” teatrı “Canavarlar və qoyunlar” (25-26 noyabr) və “Kukla formatı” teatrı “Al çiçək” (26 noyabr) nağıl-tamaşalarını göstərəcək.