Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1998-ci il 17 avqust

 

Prezident Heydər Əliyev Şəhriyar adına Mədəniyyət Mərkəzində Xalq yazıçısı Yusif Səmədoğlunun (Vəkilovun) son mənzilə yola salınması mərasimində iştirak edib.

 

1998-ci il 21 avqust

 

Bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadiminə “Şöhrət” ordeni təqdim edib.

Təltif olunanlar: Xalq yazıçıları İlyas Əfəndiyev (orden oğlu Elçin Əfəndiyevə təqdim olunub), İsmayıl Şıxlı (oğlu Elçin Şıxlıya təqdim olunub), Hüseyn İbrahimov, Xalq şairləri Fikrət Qoca, Qabil, Balaş Azəroğlu, Xalq artistləri Qəmər Almaszadə, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Cövdət Hacıyev, Hacı Xanməmmədov, Nəsibə Zeynalova, Səyavuş Aslan, Zeynəb Xanlarova, Leyla Vəkilova, Lütfi Məmmədbəyov, Habil Əliyev, Sara Qədimova, Fidan Qasımova, Müslüm Maqomayev, Rauf Abdullayev, Fərhad Bədəlbəyli, Arif Babayev, Həsənağa Turabov, Hacıbaba Bağırov, Rasim Balayev, Sofya Hüseynova, Əməkdar incəsənət xadimi Emin Sabitoğlu, Xalq rəssamları Maral Rəhmanzadə, Mirələsgər Mirqasımov, Böyükağa Mirzəzadə, Elbəy Rzaquliyev, Ü.Hacıbəyovun Ev-Muzeyinin direktoru Ramazan Xəlilov, tarix elmləri doktoru Sara Aşurbəyli.

“...Bu gün Azərbaycan müstəqil dövlət olaraq xalqımız tərəfindən tarix boyu yaradılmış əsərləri, əldə edilmiş nailiyyətləri dünyaya nümayiş etdirir və bununla da xalqımızın nə qədər böyük, istedadlı xalq olduğunu sübut edir... Bu gün buraya toplaşanlara nəzər salarkən mən bir fikri də ifadə etmək istəyirəm. Birincisi, siz – bu gün Azərbaycanın yüksək mükafatlarını alan şəxslər – hər biriniz Azərbaycanın mədəniyyət, elm, incəsənət tarixinə öz töhfələrinizi vermiş insanlarsınız. İkincisi, bu gün burada orden alan insanlar müxtəlif yaşlara mənsubdurlar. Ramazan Xəlilov 100 yaşına çatır. Fərhad Bədəlbəylinin, Rasim Balayevin 50 yaşı tamam olubdur. Bu, nəyi göstərir? Bu onu göstərir ki, Azərbaycanda nəsillər bir-birini ardıcıl surətdə əvəz edir. Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri nəsilləri arasında əlaqələr qırılmır. Onlar bir-biri ilə bağlıdır, bir-birini irəliyə aparır... Xalqımızın, mədəniyyətimizin, incəsənətimizin, elmimizin çox gözəl keçmişi, tarixi və bu günü vardır. Mən tam əminəm ki, bundan da gözəl gələcəyi olacaqdır...”.

 

1998-ci il 23 avqust

 

Azərbaycan xalqı qarşısında böyük xidmətlərinə görə mədəniyyət xadimi Ramazan Xəlilova və heykəltaraş Həyat Abdullayevaya fərdi təqaüd verilməsi haqqında sərəncam imzalayıb.

 

1998-ci il 24 avqust

 

Məşhur müğənnilər Müslüm Maqomayev və Tamara Sinyavskayanı qəbul edib.

 

1998-ci il 27 avqust

 

Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında fərman imzalayıb.

 

1998-ci il 8 sentyabr

 

Dağıstanın Xalq şairi, Azərbaycan ədəbiyyatının dostu Rəsul Həmzətova 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 

1998-ci il 10 sentyabr

 

Respublika Sarayında məşhur pianoçu, həmyerlimiz Bella Davidoviçin konsertində iştirak edib.

 

1998-ci il 12 sentyabr

 

Görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovu 65 illik yubileyi münasibətilə təbrik edib.

 

1998-ci il 16 sentyabr

 

Bakıda akademik Yusif Məmmədəliyevin abidəsinin açılış mərasimində nitq söyləyib.

 

1998-ci il 22 sentyabr

 

Respublika Sarayında Rusiya İctimai Televiziyasının (ORT) uşaqlar üçün “Utrennyaya zvezda” (“Dan ulduzu”) proqramının “Bakı-98” musiqi bayramında nitq söyləyib.

Azərbaycan vokal məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əhmədovanı 70 illik yubileyi münasibətilə təbrik edib.

 

1998-ci il 24 sentyabr

 

Suraxanı rayonunda şair Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılış mərasimində çıxış edib.

 

1998-ci il 7 oktyabr

 

Gəncənin Sərdar bağında Xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılış mərasimində iştirak edib.

 

1998-ci il 9 oktyabr

 

Bakıda Şəhidlər Xiyabanında əbədi məşəl abidəsinin açılış mərasimində iştirak edib və nitq söyləyib.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yeni binasının açılışı mərasimində nitq söyləyib.

“...1998-ci il Azərbaycanda ilk dünyəvi, peşəkar teatrın yaranmasının 125-ci ilidir... Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynamışdır.

Bu gün biz toplaşdığımız yerdə əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev təşəbbüs göstərərək teatr binası tikdirmişdir. Bu teatr binası da on illərlə, demək olar ki, 1980-ci illərin sonuna qədər xalqımıza xidmət etmişdir və biz Tağıyevə rəhmət oxumalıyıq, onun tarixi xidmətlərini qiymətləndirməliyik. Ancaq burada deyildiyi kimi, vaxtilə bu bina uçub dağılmışdı.

Yeni bina avadanlığı, texnikası, texnologiyası ilə müasir tələblərə cavab verir... Bəlkə kimsə deyə bilər ki, biz ağır vəziyyətdəyik, nə üçün teatr binasının tikintisinə bu qədər xərc qoyulubdur və belə gözəl bina yaradılıbdır? Ancaq yox, biz Azərbaycan xalqının mədəniyyətinin inkişafını heç vaxt dayandıra bilmərik. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq...”.

Hazırladı: V.Orxan

(davamı var)