Əli Əsgərovun onsuz qeyd olunan doğum günü...

 

Öz səsi, öz aləmi, öz dünyası vardı onun. Səhnə onun üçün müqəddəs məkan, sənəti bütün arzu və istəklərinin istinad yeri idi.  Belə olmasaydı, bütöv bir ömrü oxuduğu ariyalar, romans və ən mürəkkəb opera partiyalarının tonallığında keçirib, dünyaya al-qırmızı məxmər pərdələrin ağuşunda baxmaqla kifayətlənməzdi.

Mərhum Xalq artisti, Prezident mükafatçısı, şöhrəti ölkəsindən uzaqlara daha tez yayılan vokalçı Əli Əsgərovun (1963-2023) həyat fəlsəfəsi məhz bu idi: sənət ilə nəfəs alaraq yaşamaq...

Noyabrın 25-də Bakı Musiqi Akademiyasının Opera studiyasında sənətkarın xatirəsinə həsr olunmuş gecə keçirildi. Nadir səs sahibinin onsuz qeyd olunan ilk doğum gününə təsadüf edən kövrək notlu gecədə sənətsevərlər ilk olaraq Əli Əsgərovun xatirəsinə həsr olunmuş “Teatrın tarixi siması” adlı sənədli filmə baxdılar.

Əməkdar artist Ramil Qasımovun ideya müəllifi və rejissoru olduğu ekran işində vokal sənətimizdə özünəməxsus yeri olan ifaçının həyat və yaradıcılığına sənət yoldaşları və anasının bələdçiliyi ilə nəzər salındı. Qısa filmdə hər birimizin yaddaşında qalmağı bacaran şaqraq, gur səsli vokalçıya heyranlıq və böyük məhəbbət öz ifadəsini tapdı.

İndiki Bakı Musiqi Akademiyasını bitirən və 1990-cı ildən ömrünü Akademik Opera və Balet Teatrına bağlayan vokalçının ömrü unudulmaz xatirələr işığına qərq oldu.

Ömrünün sonunadək teatrın aparıcı solisti kimi bir-birindən maraqlı obrazları ilə  yaddaşlarda qalmağı bacaran Əli Əsgərovun keçdiyi dolğun sənət yolu onu tanıyanların və sevənlərin bələdçiliyi, xatirələri işığında ekrandan səhnəyə, səhnədən sadə tamaşaçıların göz yaddaşına hopdu.

Xalq artistləri Yalçın Adıgözəlov, Azər Zeynalov, Gülnaz İsmayılova,  Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Əməkdar artistlər Tural Ağasıyev, Ramil Qasımov, Fəridə Məmmədova, Fərid Əliyev, İnarə Babayeva, Anton Ferştandt, eləcə də anası Taisya Əsgərova oğlunun dünyaya gəlişindən son anına, yuxuda verilən adından həyatda qazandığı sənət şöhrətinədək hər məqama həzin notlarla nəzər saldılar. Vokalçının həyat obrazı ayrı bir rəng qatdığı opera partiyalarından seçmələrin nümayişi ilə sənət obrazına qarışaraq könülləri oxşadı.

Film vasitəsilə onu da öyrəndik ki, Əli Əsgərov həm də dünyanın müxtəlif məşhur operalarında çıxış edən və hər dəfə qalıb o sənət ocaqlarında çalışmaq təkliflərinə “Mən Azərbaycanda doğulmuşam, onun musiqisinə xidmət edirəm” deməyi bacaran vətənpərvər olub. Gözqamaşdırıcı şöhrət vədlərinə “yox” deyərək formalaşıb, şöhrət pillələrini bir-bir qalxdığı milli opera səhnəmizə xəyanət etməyib...

Filmin təqdimatından sonra gecə konsert proqramı ilə davam etdi.

Sənətkarın səhnədə tərəf-müqabilləri, sənət yoldaşları – Gülnaz İsmayılova, Fidan Hacıyeva, İnarə Babayeva, Anton Ferştandt, Azər Zadə, Taleh Yahyayev, Mahir Tağızadə, Atəş Qarayev, Ruslan Persan Əli Əsgərovun ifası və yaratdığı obrazlarla yaddaşlarda qalan operalardan populyar klassik ariyalar ifa edərək ona olan sevgilərini bir də belə ifadə etməyə çalışdılar...

Həmidə