Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqovun (1933-2006) 90 illik yubileyi noyabrın 25-də doğulub boya-başa çatdığı Şəki şəhərində qeyd edilib.

Əvvəlcə qonaqlar Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıb, bədii proqramı izləyiblər. Sənətkarın şəhərin Sülh meydanında, “Güyümlər” dairəsi adlanan ərazidə qoyulmuş barelyefi önünə gül dəstələri düzülüb.

Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirinin iştirakçıları foyedə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Rejissor haqqında sənədli film izlənildikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova, Rasim Ocaqovun filmlərində rol almış Xalq artistləri Hacı İsmayılov, Fəxrəddin Manafov, uzun illər onunla çiyin-çiyinə çalışmış kino xadimləri çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər.

Rasim Ocaqovun ailə üzvləri adından nəvəsi Nərminə Həsənova yubiley gecəsinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kinorejissorun 90 illiyinin qeyd olunmasının Şəkinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib.

Sonda sənətkarın ailə üzvlərinə xatirə hədiyyələri təqdim olunub.