Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi, Gəncə-Daşkəsən RMİ, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA-nın Gəncə bölməsinin dəstəyi ilə “Gəncə şəhərinin mədəni irsinin, tarix və mədəniyyət abidələrinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gerçəkləşən tədbirdə əvvəlcə Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADAU-nun tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova qeyd edib ki, dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılmasıdır.

Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bildirib ki, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işinin təşkili, abidələrin istifadəsi və təbliği ilə bağlı aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirilir.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.